“Gələcək üçün bacarıqlar” layihəsinin əhatə dairəsi genişləndirilir

Məqsəd innovasiya sahəsində kadr potensialının gücləndirilməsi, təhsildə innovativ fəaliyyətin təşviqidir. Eyni zamanda, tələbələrin innovativ ideyalarının inkişafına şərait yaradılması və onların ixtiraçılıq, startap fəaliyyətinə istiqamətləndirilməsi əsas prioritetlərdəndir.
Tədbirdə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, bp-nin Xəzər regionu üzrə kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.
Tədbir çərçivəsində Dövlət Agentliyi ilə layihəyə yeni qoşulan Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Dövlət Gömrük Komitəsinin Akademiyası arasında “Universitetlərdə innovasiya mühitinin formalaşdırılması və inkişaf etdirilməsi sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumu imzalanıb.
Sonra qonaqlar startap komandalarının layihələri ilə tanış olublar.
Tədbirdə rəsmilərin çıxışları dinlənilib, layihə çərçivəsində görülmüş işləri əks etdirən videoçarx nümayiş etdirilib.
Çıxışında XXI əsrin bacarıq və səriştələrinə toxunan elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, hazırda yaradıcı şəxslərin yaradıcılıq fəaliyyəti müasir sosial inkişafın əsas mənbəyidir. Buna görə də geniş mənada «yaradıcılıq bu gün inkişaf mexanizmi» və ya «inkişafa aparan qarşılıqlı təsir kimi» qəbul edilir. Bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır.
Nazir müavini dəyişən dünyada müasir problemlərin yalnız çox hazırlıqlı təhsilalanlar tərəfindən həll ediləcəyini qeyd edib və ideyaların – innovasiyalara çevrilməsi üçün xüsusi innovasiya məkanının formalaşdırılmasının zərurətini vurğulayıb.
Qeyd edək ki, 2021-ci ildən bu günədək layihə çərçivəsində 15 ali təhsil müəssisəsi ilə əməkdaşlıq qurulub, 3 mindən çox tələbə tərəfindən 300-dən artıq startap ideyası təqdim olunub. Universitetlərdə hazırlanmış 130-dan çox mentorun dəstəyi ilə 29 startap komandası formalaşdırılıb və “Demo Day” tədbirlərində layihələrini təqdim edib.
Tarix: Dünən, 23:56
Xəbəri paylaş
