Kolbasa uşaqlarda IQ səviyyəsini azaldır

İllinoys Universiteti və Pelotas Federal Universitetinin alimləri müəyyən ediblər ki, erkən uşaqlıq dövründə tez hazırlanan əriştə, peçenye, konfet, şirin içkilər və kolbasaların aktiv istehlakı altı–yeddi yaşda IQ testlərində daha aşağı nəticələrə səbəb olur.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “British Journal of Nutrition” jurnalında dərc olunub.
Tədqiqatçılar iki yaşlı uşaqların qidalanması barədə məlumatları toplayaraq onların məktəb yaşlarında koqnitiv qabiliyyətlərini qiymətləndiriblər. Ayrı-ayrı məhsulların təhlili əvəzinə alimlər ümumi qidalanma modellərini araşdıraraq iki dominant pəhriz müəyyən ediblər: paxlalılar, tərəvəzlər, meyvələr, uşaq qidaları və təbii şirələri əhatə edən “sağlam”, həmçinin sənaye istehsalı qəlyanaltılar, şirniyyat, emal olunmuş ət, qazlı içkilər və fastfuddan ibarət “sağlam olmayan” pəhriz.
Sağlam olmayan rasiondan daha çox istifadə edən uşaqlar IQ testlərində (intelligence quotient və ya intellekt əmsalı) nəzərəçarpacaq dərəcədə daha aşağı nəticələr göstəriblər. Sağlam olmayan qidalanma ilə daha aşağı IQ göstəriciləri arasında əlaqə çoxsaylı sosial və ailə amilləri — ananın yaşı, təhsili və işi, ailə strukturu, evdə uşaqların sayı, ev mühitində stimullaşdırma səviyyəsi və ana südü ilə qidalanma müddəti nəzərə alındıqdan sonra da qorunub saxlanıb.
Sağlam olmayan qidalanma ilə koqnitiv qabiliyyətlər arasında xüsusilə güclü mənfi əlaqə bioloji cəhətdən həssas uşaqlarda — erkən uşaqlıq dövründə çəki, boy və ya baş çevrəsi çatışmazlığı olanlarda müşahidə olunub. Eyni zamanda, sağlam qidalanmanın daha yüksək IQ göstəriciləri ilə əlaqəsi müəyyən edilməyib və statistik fərqlər az olub.
Tədqiqatçılar vurğulayırlar ki, nəticələr sağlam qidalanma vərdişlərinin erkən yaşlardan formalaşdırılmasının vacibliyini təsdiqləyir, çünki sağlam olmayan qidalanma vərdişləri uşaqların zehni inkişafına uzunmüddətli mənfi təsir göstərə bilər.
Tarix: Bu gün, 11:00
