Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Almaniya hökuməti uşaqların sosial mediadan istifadəsinin qadağan edilməsini planlaşdırır



Almaniya federal hökuməti uşaqların sosial media platformalarından istifadəsinə dair mümkün qadağa məsələsi ilə bağlı qərarı yaydan sonra verməyi planlaşdırır.
AZƏRTAC “Tagesschau” xəbər xidmətinə istinadla bildirir ki, hökumət sözçüsü Federal Ailə Nazirliyi nəzdində yaradılmış komissiyanın nəticələrinin sentyabrda gözlənildiyi və yekun qərarın da həmin hesabatdan sonra veriləcəyini qeyd edib.
Son günlər Sosial Demokratlar Partiyasından (SPD) olan siyasətçilər 14 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsinin qadağan olunmasını, həmçinin müxtəlif yaş qrupları üzrə mərhələli tənzimləmə mexanizminin tətbiqini təklif ediblər. Xristian Demokratlar Partiyası (CDU) daxilində də oxşar çağırışlar səslənir. Mövzunun gələn həftəsonu keçiriləcək federal partiya qurultayında müzakirə olunacağı gözlənilir.
Federal ailə naziri Karin Prien rəqəmsal mühitdə uşaqların və yeniyetmələrin effektiv qorunmasına ehtiyac olduğunu vurğulayıb. Federal ədliyyə naziri Stefani Hubiq isə internetdəki təhlükələrə qarşı aydın hüquqi çərçivələrin yaradılmasına dəstək ifadə edib.
Qeyd edək ki, bu məsələ Aİ səviyyəsində də gündəmdədir. Hazırda istifadəçilərin yaşının yoxlanılması üçün saxtalaşdırmaya qarşı dayanıqlı sistemin hazırlanması üzrə işlər aparılır. Fransada 15 yaşdan aşağı uşaqlar üçün onlayn şəbəkələrə girişin məhdudlaşdırılması ilə bağlı qanunvericilik təşəbbüsü irəli sürülüb.
Danimarka, İspaniya və Böyük Britaniyada da oxşar müzakirələr davam edir. Avstraliyada isə dekabrdan “TikTok”, X, “Instagram”, “YouTube” və “Twitch” kimi platformalara 16 yaşdan aşağı şəxslər üçün hesab açmağa icazə verilməsi qadağan edilib.


Tarix: Dünən, 21:02

Xəbəri paylaş