“Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərslər keçirilib

Şirvan şəhəri və Hacıqabul rayonunun ümumtəhsil məktəblərində “Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır” mövzusunda açıq dərslər keçirilib.
Dərslər Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mahirə Hüseynova tərəfindən aparılıb.
Tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndələri, yerli icra strukturları, icma təmsilçiləri, müəllimlər və IX–XI sinif şagirdləri iştirak ediblər.
Açıq dərslər zamanı Qərbi Azərbaycanın tarixi-mədəni irsi, maddi-mədəniyyət abidələri, toponim və hidronimləri barədə məlumat verilib, mövzu ətrafında müzakirələr aparılıb və şagirdlərin sualları cavablandırılıb. Çıxışlarda gənc nəslin tarixi yaddaşının möhkəmləndirilməsi, milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyəti vurğulanıb. Qeyd edilib ki, bu cür maarifləndirici tədbirlərin ölkənin digər regionlarında da davam etdirilməsi nəzərdə tutulur.
Tədbir çərçivəsində fəal şagirdlərə kitablar hədiyyə edilib, məktəblərin kitabxana fonduna Qərbi Azərbaycana dair nəşrlər təqdim olunub.
Qeyd edək ki, sözügedən tədbirlərin keçirilməsində məqsəd şagirdlərin Qərbi Azərbaycanın tarixi və mədəni irsi haqqında biliklərinin artırılması, gənc nəslin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda maarifləndirilməsi olub.
Tarix: Dünən, 16:54
Xəbəri paylaş

