Aparat rəhbəri “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”ndə iştirak edib

Fevralın 5-də Bakıda “II Qoşulmama Hərəkatı Gənclər Həftəsi”nin açılış mərasimi keçirilib.
Tədbir qlobal məsələlərdə dialoq, əməkdaşlıq və gənclərin fəal iştirakına həsr olunub.
Açılış mərasimində çıxış edən Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) sədri, COP29-un iqlim üzrə gənclər çempionu Leyla Həsənova tədbiri gənclərin gücləndirilməsinə və onların müasir qlobal gənclər gündəminin formalaşdırılmasında rolunun artırılmasına yönəlmiş əsas təşəbbüs kimi qiymətləndirib.
Tədbir xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin “Artan qeyri-müəyyənlik şəraitində müasir qlobal çağırışların həllində diplomatiyanın rolu” mövzusunda əsas məruzəsi ilə davam edib.
Əsas məruzədən sonra iştirakçılara Qoşulmama Hərəkatı Gənclər Təşkilatının indiyədək həyata keçirdiyi əsas fəaliyyətləri, mühüm mərhələləri və əldə etdiyi nailiyyətləri əks etdirən videoçarx təqdim olunub.
Açılış mərasimindən sonra panel müzakirələr keçirilib.
"Tərbiyəvi təsir: elmin, siyasətin və kommunikasiyanın diplomatiyada rolu" mövzusunda təşkil edilən panel müzakirəsində Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli də iştirak edib.
İştirakçılar müasir diplomatiyanın formalaşmasında təhsilin, elmi yanaşmanın və effektiv kommunikasiyanın əhəmiyyətini müzakirə ediblər.
Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov qeyd edib ki, elm diplomatiyada mühüm rol oynayır, ümumi maraqları müəyyən etməyə və beynəlxalq münasibətlərdə uyğun həllər tapmağa kömək edir.
Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli öz növbəsində bildirib ki, təhsil "yumşaq güc"ün ən təsirli formalarından biridir. Aparat rəhbəri vurğulayıb ki, xaricdə təhsil almaq ölkələr arasında mədəni əlaqələrin formalaşmasına kömək edir. Bildirib ki, Azərbaycanda təhsil alan xarici tələbələr gələcəkdə mədəniyyətlər və ölkələr arasında körpü ola bilərlər. Diplomatiya və təhsil sahəsində mədəni fərqliliklərə baxmayaraq, birlik xüsusilə vacibdir.
Müzakirə iştirakçıları müasir texnologiyaların və kommunikasiyaların diplomatların cəmiyyət və beynəlxalq tərəfdaşlarla qarşılıqlı əlaqəsinin effektivliyinin artırılmasında rolunu, eləcə də gənclərin qlobal məsələlərin həllinə innovativ yanaşmaları tətbiq etmək imkanlarını müzakirə ediblər.
Qeyd edək ki, iki gün davam edəcək tədbir çərçivəsində beynəlxalq əməkdaşlıq, qlobal proseslərdə gənclərin rolu, eləcə də aktual iqlim gündəminə həsr olunmuş bir sıra panel müzakirələri planlaşdırılıb.
Tarix: Bu gün, 16:28
