Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Bakı Mühəndislik Universitetində 200-dək əcnəbi tələbə təhsil alır



Bakı Mühəndislik Universiteti (BMU) xüsusilə son iki ildə əcnəbi tələbələrin cəlb olunması istiqamətində institusional və sistemli tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, əcnəbi tələbələrin sayında 2 dəfəyə yaxın artım qeydə alınıb və hazırda universitetdə 200-ə yaxın əcnəbi tələbə təhsil alır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq BMU-dan məlumat verilib. Bildirilib ki, universitetin beynəlmiləlləşmə strategiyası çərçivəsində xarici ali təhsil müəssisələri və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri qurulur, ikitərəfli və çoxtərəfli sazişlər imzalanır. Xüsusilə Çin universitetləri ilə mühüm əlaqələr qurulub və BMU bu ölkənin Pekin Kimya Texnologiyaları Universiteti ilə 3 ixtisas üzrə ikili diplom proqramının icrasına başlayıb. Bu, Çinlə bakalavriat səviyyəsində icra olunan ilk ikili diplom proqramıdır. Bundan başqa, Cənubi Koreyanın İNHA Universiteti ilə 4 ixtisas üzrə həyata keçirilən tam dövlət təqaüdlü ikili diplom proqramının müddəti Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2030-cu ilədək uzadılıb.
Qeyd olunanlarla yanaşı, BMU beynəlxalq təhsil sərgilərində, forum və təqdimat tədbirlərində iştirak edərək öz tədris proqramlarını və imkanlarını xarici auditoriyaya çatdırır. Eyni zamanda, əcnəbi tələbələr üçün ingilis və digər xarici dillərdə tədris proqramları, hazırlıq kursları və müasir tədris resursları təmin edilir. Qəbul prosesinin şəffaf, əlçatan təşkili, viza, qeydiyyat məsələlərində məsləhət və dəstək göstərilməsi, əcnəbi tələbələrin universitet mühitinə, eləcə də ölkənin sosial-mədəni həyatına inteqrasiyası məqsədilə adaptasiya və məsləhət xidmətləri həyata keçirilir.
Universitetin beynəlxalq səviyyədə tanıdılması məqsədilə rəsmi veb-sayt və sosial media platformaları vasitəsilə çoxdilli informasiya təmin edilir, rəqəmsal marketinq və tanıtım fəaliyyətləri aparılır. Görülən bu tədbirlər əcnəbi tələbələrin sayının artırılmasına, təhsil mühitinin beynəlmiləlləşməsinə və universitetin qlobal rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir.


Tarix: 5-01-2026, 14:58

Xəbəri paylaş