Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Fariz İsmayılzadə: “Azərbaycan dili” platforması önəmli və strateji əhəmiyyət daşıyan bir addımdır



Ölkəmizdə “Azərbaycan dili” platformasının hazırlanıb təqdim olunması önəmli və strateji əhəmiyyət daşıyan bir addımdır. Universitet tərəfindən hazırlanmış bu portal xarici vətəndaşlar üçün Azərbaycan dilinin öyrənilməsində mühüm boşluğu dolduran ilk onlayn resurslardan biridir.
Bu barədə AZƏRTAC-a açıqlamasında ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə deyib.
“Bu portal Azərbaycan dilinin tədrisi baxımından çox mükəmməl şəkildə hazırlanıb. Burada dil öyrənməyin bütün əsas komponentləri – dinləmə, danışma və yazı bacarıqları kompleks şəkildə əhatə olunub. Xüsusilə layihənin xarici auditoriya üçün nəzərdə tutulması onun dəyərini daha da artırır”, – deyə o vurğulayıb.
Fariz İsmayılzadə qeyd edib ki, layihənin təşəbbüsü Alena Əliyevaya məxsusdur və bu ideyanın ölkəmizdə reallaşdırılması Azərbaycan dilinin beynəlxalq səviyyədə tanıdılması baxımından mühüm töhfədir.
Prorektorun sözlərinə görə, təqdimat zamanı indiyədək görülmüş işlərlə yanaşı, gələcək planlar da geniş müzakirə edilib. Bildirilib ki, layihənin imkanlarının genişləndirilməsi, portalın təkcə ingilisdilli auditoriya üçün deyil, digər dillərdə də hazırlanması, eləcə də mobil tətbiqlərin yaradılması məqsədəuyğundur.
“Qeyd etmək lazımdır ki, bu layihə Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı fikirləri ilə üst-üstə düşür. Bu çıxışında Prezident İlham Əliyev Azərbaycan dilinin güclü təbliğatı, onun saflığının qorunması, yad sözlərdən təmizlənməsi barədə fikirlər səsləndirdi. Bu isə bizim ölkəmiz üçün, xüsusilə gənc nəsil üçün çox önəmli bir təlimatdır. Bu layihə yalnız başlanğıc mərhələ kimi qiymətləndirilir. Gələcəkdə onun daha geniş miqyasda inkişaf etdirilməsi nəzərdə tutulur”, – deyə Fariz İsmayılzadə əlavə edib.


Tarix: Bu gün, 13:11

Xəbəri paylaş