“Azərbaycan dili” platformasının təqdimat mərasimi keçirilib


Dekabrın 28-də Azərbaycan Dillər Universitetində “Azərbaycan dili” platformasının (https://azerbaijani.edu.az/) təqdimat mərasimi keçirilib.
Təqdimat mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və sözügedən layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva iştirak ediblər.
Ölkə Prezidentinin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıqlarına uyğun olaraq hazırlanan platformanın məqsədi dilimizin öyrədilməsi və sistemli tədrisinin təmin olunması, bu prosesin müasir, interaktiv rəqəmsal resurslar vasitəsilə daha effektiv və əlçatan edilməsi, eləcə də müxtəlif yaş və maraq qruplarını əhatə edən geniş auditoriyaya çatdırılmasıdır.
Təqdimat mərasimindən öncə Azərbaycan Dillər Universitetinin muzeyinə baş çəkən qonaqlar muzeyin fəaliyyəti ilə tanış olub, eksponatlar haqqında məlumatlandırılıblar. Universitetin rektoru Kamal Abdulla qonaqlara ali təhsil müəssisəsinin fəaliyyəti haqqında məlumat verib.
Təqdimat mərasimində çıxış edən rektor Kamal Abdulla platformanın Azərbaycan dilinin qorunması, inkişafı və müasir rəqəmsal mühitdə təbliği baxımından əhəmiyyətindən bəhs edib. Qeyd edib ki, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxışı zamanı Azərbaycan dilinin qorunması və inkişafı ilə bağlı söylədiklərinin fonunda bu cür platformanın realizə olunmasına böyük ehtiyac var idi. Universitetin alimləri və gənc mütəxəssisləri bu işi şərəflə yerinə yetirdilər.
Layihənin ideya müəllifi və rəhbəri Alena Əliyeva çıxışı zamanı təhsilin cəmiyyətimizdə vacib rola malik olduğunu bildirib. O, platformanın təqdimatı münasibətilə hər kəsi təbrik edib. Layihənin həyata keçirilməsində göstərilən dəstəyə görə Heydər Əliyev Fonduna, Elm və Təhsil Nazirliyinə, Azərbaycan Dillər Universitetinə, o cümlədən layihənin bütün iştirakçılarına minnətdarlığını bildirib.
Daha sonra Azərbaycan Dillər Universitetinin prorektoru Jalə Qəribova və layihənin koordinatoru Səbinə Əliyeva “Azərbaycan dili” platformasının təqdimatını ediblər. Təqdimatda platformanın yaradılma məqsədləri, funksional imkanları və müxtəlif yaş və istifadəçi qrupları üçün nəzərdə tutulmuş məzmunu barədə ətraflı məlumat verilib.
Qeyd edilib ki, platformada Azərbaycan dilinin öyrədilməsi prosesi dörd əsas bacarıq üzərində qurulub. Oxuyub-analama, dinləyib-anlama, yazı və danışıq bacarıqları üzrə materiallar və tapşırıqlar platformada öz əksini tapıb. Bununla yanaşı, platformaya qrammatika, sosialinqvistika, lüğət və resurslar bölməsi də daxil edilib. Materiallar 6 səviyyə üzrə təqdim edilib, hər bir səviyyəyə uyğun söz ehtiyatı və qrammatik qaydalar nəzərə alınaraq hazırlanıb. Bu da əcnəbilərin dilimizi öyrənməsi işini kifayət qədər asanlaşdıracaq.
Tədbirdə təbrik nitqi ilə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan dili” platformasının dövlət dilinin öyrədilməsi və tədrisinin keyfiyyətinin artırılmasına, həmçinin rəqəmsal təhsil resurslarının genişləndirilməsinə mühüm töhfə verəcəyini bildirib. Nazir bu cür təşəbbüslərin Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafında xüsusi rol oynadığını vurğulayıb.
Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması istiqamətində tapşırıqlarına uyğun olaraq ölkəmizdə görülən işlərdən bəhs edən nazir bildirib ki, platformanın mahiyyəti ana dili Azərbaycan dili olmayan insanlara da bizim dili öyrətməkdən ibarətdir. Qeyd edib ki, istər Azərbaycanda təhsil alan xarici tələbələr, istər ölkəmizdə işləmək istəyən əcnəbilər, yaxud da Azərbaycan dilini xarici dil kimi öyrənmək istəyənlər üçün həmin platforma vacib rol oynayacaq. Süni intellekt həllərindən aktiv istifadə olunan platforma ingilis dili üzərində qurulub, lakin digər dillərə də tərcümə edilməsi mümkündür. Nazir çıxışının sonunda platformanın uğurlu olacağına əminliyini ifadə edib.
Sonra “Azərbaycan dili” platformasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Digər çıxışlardan sonra təqdimat mərasimi çərçivəsində bədii hissə də nümayiş etdirilib.
Təqdimat mərasimi xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Qeyd edək ki, təqdimat mərasiminin 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsi Azərbaycan dilinin dünya azərbaycanlılarını birləşdirən əsas dəyərlərdən biri olduğunu bir daha nümayiş etdirib.
Tarix: Bu gün, 00:25
