BDU-da “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş

Bakı Dövlət Universitetində (BDU) “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə “Urban Talks” layihəsi çərçivəsində “Ali təhsilin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində rolu” mövzusunda görüş keçirilib.
Görüşdə BDU rektorunun keyfiyyət təminatı üzrə müşaviri Asiman İlyasov Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) mahiyyəti, bu məqsədlər çərçivəsində müəyyən edilmiş əsas hədəflər və indikatorlar haqqında ətraflı məlumat verib. Eyni zamanda ali təhsil müəssisələrinin DİM-lərin icrasında oynadığı rol, universitetlərdə bu istiqamətdə həyata keçirilən akademik, tədqiqat və institusional fəaliyyətlər, eləcə də bu fəaliyyətlərin qiymətləndirilməsi mexanizmləri diqqətə çatdırılıb. Çıxışda universitetlərin DİM-lər üzrə fəaliyyətlərinin beynəlxalq reytinq siyahılarının (xüsusilə dayanıqlılıq yönümlü reytinqlərin) formalaşmasına təsiri, BDU-nun bu reytinqlərdə mövqeyi, mövcud təcrübələr və gələcək planlar barədə də məlumat verilib.
Qeyd edək ki, “BDU könüllüləri” təşkilatının təşəbbüsü ilə həyata keçirilən “Urban Talks” layihəsi şəhərsalmadan dayanıqlı inkişafa qədər müxtəlif mövzuların müzakirə olunduğu interaktiv platformadır. Layihə çərçivəsində ekspertlərlə görüşlər, qeyri-ənənəvi və yaradıcı tədris sessiyaları, şəhər planlaşdırılması üzrə simulyasiyalar təşkil olunur. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı tələbələrin bilik və iştirakının artırılması da əsas hədəflərdəndir. “Urban Talks” layihəsi tələbələrə müasir urbanistik yanaşmalarla yaxından tanış olmaq və təcrübə qazanmaq imkanı yaradır.
Tarix: Bu gün, 16:35
