Azərbaycanda dini biliklər dünyəvi prinsiplər əsasında tədris olunur

Din bəşəriyyət tarixində hər zaman mühüm rol oynayıb və cəmiyyətdə baş verən proseslərə dərindən təsir edən bir institut olub. Müasir dövrdə dinə yanaşmalar müxtəlifdir və bu sahəyə təsir edən əsas amillərdən biri də texnologiyadır. Son araşdırmalar göstərir ki, artıq insanlar məlumatı televiziya deyil, daha çox internet resursları vasitəsilə əldə edirlər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda keçirilən paneldə deyib.
Nazir müavininin sözlərinə görə, ölkəmizdə dinlə bağlı biliklər orta məktəblərdə "Həyat bilgisi" və "Tarix" dərslərində, ali təhsil müəssisələrində isə "Multikulturalizm" fənni vasitəsilə tədris olunur. "Bizim məqsədimiz şagird və tələbələrə din haqqında elmi məlumatlar çatdırmaqdır. Lakin təhsil müəssisələrində dini təbliğ etmək düzgün olmaz. Azərbaycan dünyəvi dövlətdir və hər bir fərd inanc seçimində tam azaddır. Hazırda ölkəmizdə müxtəlif dinlərin və konfessiyaların nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində birgə yaşayırlar", - deyə o əlavə edib.
Firudin Qurbanov qeyd edib ki, süni intellektin geniş yayılması həm müsbət, həm də mənfi təsirlərə malikdir. "Bu texnologiya faydalı məlumatlarla yanaşı, uşaqların tərbiyəsinə mənfi təsir göstərə biləcək və onları radikalizmə sürükləyəcək təhlükəli məzmunlar da təqdim edə bilər. Buna görə də uşaqları virtual dünyanın təhdidlərindən qorumaq üçün effektiv yollar düşünməliyik. Bu məsələdə, ilk növbədə, ailə üzvləri daha diqqətli və məsuliyyətli olmalıdırlar", - deyə nazir müavini bildirib.
Tarix: Bu gün, 14:16
