“Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan dilinin tədrisi məsələləri” - simpozium


Dekabrın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsi, Azərbaycan dili və onun tədrisi texnologiyası kafedrası və Türkoloji Mərkəzin birgə təşkilatçılığı ilə “Birinci Türkoloji Qurultayın 100 illiyi: Azərbaycan dilinin tədrisi məsələləri” mövzusunda beynəlxalq simpozium keçirilib.
Bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Tədbirdə ADPU-nun rektoru professor Cəfər Cəfərov beynəlxalq simpoziumun Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunduğunu bildirib. Rektor vurğulayıb ki, Birinci Türkoloji Qurultay Türk dünyasının elmi-mədəni inteqrasiyasında, xüsusilə Azərbaycan dilinin inkişafı, elmi əsaslarla tədqiqi və tədrisi istiqamətində mühüm dönüş nöqtəsi olub.
Qeyd edilib ki, Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və müasir təhsil texnologiyaları əsasında tədrisi dövlət səviyyəsində prioritet məsələdir və bu istiqamətdə ardıcıl işlər həyata keçirilir. Rektor ADPU-da Qurultayın 100 illiyi münasibətilə keçirilən silsilə konfransların bu baxımdan böyük əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru professor Mahirə Hüseynova simpoziumun beynəlxalq əməkdaşlıq və elmi inteqrasiya baxımından mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb. Prorektor çıxışında Birinci Türkoloji Qurultayın ideyalarının bu gün də aktual olduğunu, türk xalqları arasında elmi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib. Qeyd edib ki, müasir dövrdə Azərbaycan dilinin tədrisi məsələlərinin beynəlxalq təcrübə, innovativ yanaşmalar və yeni tədris texnologiyaları kontekstində müzakirəsi xüsusi əhəmiyyət daşıyır.
Daha sonra türkoloq, professor Firudin Cəlilov məruzə ilə çıxış edərək əski türk əlifbası və Ortaq türk əlifbası haqqında ətraflı məlumat verib.
Tədbirdə Milli Məclisin Elm və Təhsil komitəsinin sədri professor Anar İsgəndərov Birinci Türkoloji Qurultayın türk xalqlarının həyatındakı rolu haqqında söz açıb.
Simpoziuma onlayn qoşulan Kazan Dövlət Universitetinin (Rusiya) Filologiya və Millətlərarası Ünsiyyət İnstitutunun dosenti Firuzə Sibqayeva Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayda Tatarıstan nümayəndə heyətinin rəhbəri kimi iştirak etmiş Alimcan İbrahimov və onun məruzəsi haqqında çıxış edib. Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin Özbək dili və onun tədrisi metodikası kafedrasının müdiri professor Saodat Muhamedova Birinci Türkoloji Qurultay və dilin tədrisi məsələləri haqqında çıxış edib. AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunun elmi işlər üzrə direktor müavini tarix elmləri doktoru İlqar Niftəliyev çıxışında Birinci Türkoloji Qurultayın keçirilməsi haqqında arxiv sənədlərindən bəhs edib. Türkiyənin Qafqaz Universitetinin Çağdaş türk ləhcələri və ədəbiyyatı kafedrasının müdiri professor İlkin Qulusoy Azərbaycan dilinin və ədəbiyyatının Türkiyə universitetlərində tədrisi məsələləri haqqında çıxış edib. Nizami adına Özbəkistan Milli Pedaqogika Universitetinin beynəlxalq əməkdaşlıq üzrə prorektoru professor Dilnoza Xalmuradova Azərbaycan və Özbəkistan dövlətləri arasında olan qardaşlıq münasibətləri haqqında danışıb, çıxışının sonunda Mahirə Nağıqızının özbək dilinə tərcümə edilmiş şeirini səsləndirib.
Simpozium çıxışlarda səslənən məsələlər ətrafında fikir mübadiləsi ilə davam edib.
Tarix: Dünən, 21:58
