Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Nazir müavini Azərbaycan Texniki Universitetinin 75 illik yubiley tədbirində iştirak edib




Dekabrın 19-da Azərbaycan Texniki Universitetinin (AzTU) 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. 
 
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. 
 
Açılış nitqi ilə çıxış edən AzTU-nun rektoru Vilayət Vəliyev qonaqları salamlayaraq universitetin 75 illik tarixinə nəzər salıb.
 
Vilayət Vəliyev bildirib ki, “Yarat, inkişaf et, tətbiq et” şüarı ilə irəliləyən AzTU-nun hədəfi sənayenin inkişafını və texnoloji gələcəyi qarşılayan məsələlərin həllini öyrədən yenilikçi-təşəbbüskar akademik, məzun və tələbə heyəti ilə araşdırma və sahibkar universiteti qurmaq, hazırlanan mühəndis kadrların səviyyəsini beynəlxalq standartlar səviyyəsinə yüksəltməkdir. 
 
AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdıran elm və təhsil nazirinin müavini Firudin Qurbanov şəxsiyyətin formalaşmasında universitetlərin rolundan danışıb. Bu istiqamətdə dünya təcrübəsinə nəzər salan Firudin Qurbanov peşəkarlığa fərqli konteksdən yanaşıb və bildirib ki, peşəkarlıq həm də böhran vəziyyətində düzgün qərar vermək bacarığıdır. Bu bacarığa malik şəxsiyyətləri də universitetlər formalaşdırır. Bu mənada universitetlərin rolu insanların formalaşması baxımından çox mühüm əhəmiyyətə malikdir. 

Nazir müavini AzTU məzunlarının ölkənin müxtəlif sahələrində uğurlu fəaliyyətlərini də qeyd edib. Bildirib ki, hazırda ölkənin ən aparıcı ali təhsil müəssisələrindən olan AzTU müasir standartlar səviyyəsində yeniliklərin tətbiq olunduğu universitetlərdəndir. 
 
Daha sonra çıxış edən AzTU-nun fəxri məzunları olan dövlət xadimi Həsən Həsənov, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini Allahverən İsmayılov, AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev AzTU-nun 75 illik yubileyi münasibətilə təbriklərini çatdırıb, tələbəlik illərindəki xatirələrini bölüşüb, universitetin 75 il ərzində qazandığı uğurlara toxunublar. 
 
Tədbirdə Özbəkistanın Fərqanə Dövlət Universitetinin professoru Ehtiyat İbragimova rektor Bahodircon Şermuhammadovun AzTU-nun yubileyinə ünvanladığı təbrik mətnini oxuyub. 
 
Türkiyənin Yıldız Texniki Universitetinin prorektoru Hüseyn Yılmaz da AzTU-nun yubileyini təbrik edib, universitetin fəaliyyətində uğurlar arzulayıb. 
 
Sonra elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı və fəxri fərmanlarla təltif olunan AzTU müəllimlərinə mükafatlar təqdim olunub. 
 
Tədbir bədii hissə ilə davam edib.


Tarix: 19-12-2025, 17:21

Xəbəri paylaş