Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Neyroinkişaf pozuntusu olan uşaqlarda reabilitasiyanı sürətləndirən multidisiplinar yanaşmalar təqdim edildi










Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin təşkilati dəstəyi, Azərbaycan Pediatrlar Assosiasiyasının (APA) təşkilatçılığı ilə "Neyroinkişaf pozuntusu olan uşaqlarda koqnitiv disfunksiyaların reabilitasiyasında multidisiplinar yanaşma" mövzusunda elmi konfrans keçirilib.

ATU-nun Tədris Terapevtik Klinikasında təşkil olunan tədbirdə iştirak edən tibb üzrə alim və mütəxəssislər neyroinkişaf pozuntuları olan uşaqlarda koqnitiv disfunksiyaların diaqnostikası və reabilitasiyasında müasir tibbi, psixoloji və multidisiplinar yanaşmaları, eləcə də effektiv reabilitasiya metodlarını müzakirə ediblər.

Konfransın ilk sessiyasında çıxış edən APA-nın sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə "Neyroinkişaf pozuntularına erken müdaxilə" mövzusunda məruzə edib. O, uşaqlarda inkişaf ləngimələrinin erkən yaşda müəyyən edilməsinin gələcək nəticələr üçün həlledici olduğunu vurğulayıb. Qeyd edib ki, vaxtında göstərilən dəstək uşağın cəmiyyətə uyğunlaşmasını xeyli asanlaşdırır, uşağın ünsiyyətini, müstəqil yaşama bacarıqlarını əhəmiyyətli dərəcədə gücləndirir.
Psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı "Autizmli şəxslərlə təlimin təşkilində müasir yanaşmalar" haqqında danışarkən bildirib ki, hər bir uşaq üçün xüsusi və fərdi öyrənmə proqramı hazırlanmalıdır. Bu müasir metodlar uşaqların ətrafdakılarla daha rahat ünsiyyət qurmasına birbaşa kömək edir.

Uşaq nevroloqu Ülkər Müsəlova "Autizmli uşaqlarda komorbid halların tanınması" təqdimatında vurğulayıb ki, autizmlə bərabər rast gəlinən digər sağlamlıq problemləri mütləq nəzərə alınmalıdır. Həmin problemlərin aradan qaldırılması uşağın həm davranışına, həm də ümumi fiziki vəziyyətinə müsbət təsir göstərir.

Oftalmoloq, tibb üzrə fəlsəfə doktoru, dosent Aysel Qəlbinur "Uşaqların nevroloji inkişaf problemlərində oftalmoloji strategiyalar" mövzusunda çıxışında qeyd edib ki, görmə qabiliyyəti birbaşa beyin funksiyaları ilə əlaqəlidir. Müntəzəm göz müayinələri vasitəsilə uşaqdakı bəzi sinir sistemi problemlərini öncədən hiss etmək mümkündür.

ATU-nun II uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Ülviyyə Hacıyeva "Autizm spektr pozuntuları olan uşaqlarda giardiasis. Diaqnostikası və müalicəsi" mövzulu çıxışında bəzi parazitlərin uşaqların sinir sisteminin işinə mane ola biləcəyini deyib. Bu infeksiyaların müalicə edildikdə uşağın həm diqqətini artırdığını, həm də özünü daha gümrah hiss etdiyini qeyd edib.

Tədbirin növbəti sessiyalarında mütəxəssislər müalicə prosesinin digər mühüm tərəflərini müqayisə ediblər.

Dr. Səbinə Cəfərova "Autizm və peyvəndlər: Miflər, elmi faktlar və müasir tövsiyyələr" mövzusunda təqdimatında peyvəndlərin autizm yaratması ilə bağlı fikirlərin heç bir elmi əsasının olmadığını bildirib, uşaqları ağır xəstəliklərdən qorumaq üçün peyvəndlərin vacibliyini xüsusi qeyd edib.

Dr. Vüsalə Hüseynova "Neyroinkişaf pozuntusu olan uşaqlarda koqnitiv funksiyaların yaxşılaşdırılması: Multidisiplinar reablitasiya strategiyaları" barədə çıxış edərək bildirib ki, fərqli sahə həkimlərinin birgə fəaliyyəti reabilitasiyanın uğurunu təmin edir. Komanda şəklində aparılan iş uşağın zehni inkişafını daha sürətli və keyfiyyətli edir.

"Autizm spektr pozuntusu" mövzusunda çıxışında uşaq və yeniyetmə psixiatrı Ceyhun Cəfərov qeyd edib ki, bu diaqnoza sahib uşaqların ailə və cəmiyyət tərəfindən düzgün anlaşılması çox əhəmiyyətlidir. Onların gizli qalan bacarıqlarını üzə çıxarmaqla müstəqil həyata addım atmalarına kömək etmək mümkündür.

Uşaq nevroloqu Röyanə Quluzadə "Neyroinkişaf pozuntuları olan uşaqlarda sensor inteqrasiya terapiyası" haqqında məlumat verərək bildirib ki, xüsusi hərəkət və oyunlar vasitəsilə uşağın dünyanı qavraması yaxşılaşır. Bu terapiya uşaqların müxtəlif səslərə və toxunuşlara qarşı daha sakit reaksiya verməsini təmin edir.

Psixiatr Elmir Təhməzov "Uşaq və yeniyetmələrdə intihar davranışı" adlı təqdimatında intiharın bir çıxış yolu deyil, əslində uşağın yardım ehtiyacı olduğunu və bu davranışın arxasında duran psixoloji amillərin dərindən araşdırılmalı olduğunu bildirib. O, cəmiyyətdə bu mövzu ilə bağlı maarifləndirmə işlərinin artırılmasının intiharın qarşısını almaqda həlledici rol oynadığını diqqətə çatdırıb və mütəxəssis tövsiyələri verib.

Qastroenteroloq, Dr. Nərmin Novruzova "Uşaq inkişafında vacib məqamlar, nevroloji yanaşma" təqdimatında vurğulayıb ki, sağlam qidalanma beyin hüceyrələrinin düzgün böyüməsi üçün təməl şərtdir. Həkim uşağın sinir sistemini daha da gücləndirən müalicə və reabilitasiya tədbirlərinin vacibliyini qeyd edib.

Dr. Limunət Əmrahlı "Sensor inteqrasiya pozuntuları olan uşaqların psixoloji diaqnostikası və terapiyası" adlı təqdimatında düzgün aparılan psixoloji testlərin pozuntuların kökündə dayanan nevroloji səbəblərin müəyyənləşdiriliməsində əhəmiyyətindən soz açıb. Seçilmiş terapiya üsullarının uşağın emosional vəziyyətini tənzimləməyə böyük kömək etdiyini deyib.

Konfransın yekununda ekspertlər sualları cavablandırıb, iştirakçılara sertifikatlar təqdim edilib.


Tarix: Bu gün, 17:19

Xəbəri paylaş