Çoxfunksiyalı aşqarların sintezi üzrə tədqiqatlar aparılır

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Sintetik baza yağları, mürəkkəb efirlər və onların aviasiyada istifadəsi” mövzusunda maarifləndirmə seminarı keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib.
Tədbirdə çıxış edən institutun elmi katibi dosent Mehparə Səfərova bu seminarların elmi işçi, doktorant, magistrant və institutda təcrübə keçən tələbələri laboratoriyalarda aktual mövzularda aparılan tədqiqatların nəticələri ilə tanış etmək baxımından böyük əhəmiyyəti olduğunu qeyd edib.
Seminarda Alkilfenol əsasında çoxfunksiyalı üzvi birləşmələr laboratoriyasının aparıcı elmi işçisi dosent Əli Qədirov “Sintetik baza yağları, mürəkkəb efirlər və onların aviasiyada istifadəsi” mövzusunda geniş təqdimatla çıxış edib. O, sintetik yağlara yüksək temperatura davamlı oksidləşmə inhibitorlarının yaradılması, bu məqsədə nail olmaq üçün molekulun tərkibində azot, kükürd, bor, silisium atomları və müxtəlif funksional qruplar saxlayan, yüksək temperatura davamlı inhibitorların sintez metodlarının işlənilməsi və onların təsir mexanizmi öyrənilməsindən danışıb. Həmçinin sintez edilmiş birləşmələr və əmtəə aşqarlarının tətbiqi ilə qazturbin mühərrikləri üçün sintetik efir yağları əsasında yüksək temperaturlara (200-240 ºC) davamlı sürtkü kompozisiyalarının hazırlanması haqqında dünyada, Azərbaycanda, o cümlədən çalışdığı laboratoriyada yerinə yetirilən işlər, əldə olunan mühüm elmi nəticələr, bu istiqamətdə tanınmış alimlərimiz haqqında məlumat verib və çoxsaylı sualları cavablandırıb.
Sonra kimya elmlər doktoru professor Elmira Nağıyeva “Alkilfenollar və onların əsasında alınan yuyucu-dispersedici aşqarlar” mövzusunda geniş təqdimatla çıxış edib. O, karboksilat və kükürd (ya azot) saxlayan alkilfenol əsaslı yuyucu-dispersedici aşqarlar sintez edilməsindən və bu il laboratoriyada aparılan işlərdən danışıb. Qeyd edib ki, tərkibində müxtəlif heteroatomlar saxlayan yüksək istismar göstəricilərinə və həm də yüksək qələviliyə malik olan yeni alkilfenolyat aşqarlarının alınmasının optimal şəraiti işlənilib.
Daha sonra seminar iştirakçıları rəy və təkliflərini səsləndiriblər.
Tarix: 10-12-2025, 21:59
