Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Kərbəlayi Ağabala bəy Bakıxanovun xatirəsi anıldı


Nadir şahın ölümündən sonra Azərbaycanda yaranan xanlıqlardan biri də Bakı xanlığı olub. O zaman xanlığın ərazisi indiki Bakı ətrafı kəndlərlə əhatə olunmuşdu. Bu gün Bakıda, eləcə də Bülbülə, Əmircan, Maştağa, Mərdəkan, Buzovna kəndlərində Bakıxanovlar soyadını daşıyan insanlara rast gəlinir. Halbuki, sovet dövründə bu soyadı daşıdıqlarına görə repressiya olunan, ailə üzvləri məşəqqətli həyat yaşayan insanlar çox olub.                                                   
 
 Bakının Bülbülə qəsəbəsində yaşayan Əmir Həmzə bəy Bakı xanlarının nəsil şəcərəsinə daxildi. Onun oğlu Kərbəlayi Ağabala bəy Bakıxanov 1840-cı ildə Bülbülədə doğulub, 6 övladı olub. Ağabala bəy Tanrının bəxş etdiyi ömür payını mənalı, xeyirxah əməllərlə yaşayıb. İraqın Kərbəla şəhərini ziyarət edən Ağabala bəy XIX əsrin 60-cı illərində sakinlərin namaz qılması üçün minarəsiz məscid binası tikdirib. Gözəl memarlıq üslubunda, divarları müxtəlif ornamentlərlə bəzədilən, hazırda Ağabala bəy Bakıxanovun adını daşıyan həmin məscid möhkəmliyini saxlasa da, ancaq bərpasına ehtiyac vardır. O, şəxsi evini və həyətyanı sahəsini isə uşaqların ibtidai təhsil alması üçün “Nəşri maarif” məktəbinə verir. Arxiv sənədlərində 1920-ci il martın 16-da Xalq Maarif Nazirliyinin arxitektoru A.Vasilyev tərəfindən Ağabala bəy Bakıxanovın Bülbülə kəndindəki evinə baxış keçirilməsi, 6 otaqlı evinin Azərbaycan Xalq Cümhuriyyətinə hədiyyə edilməsi haqqında məlumatlar qeyd olunub. Sonradan məktəb sovet dövründə 13 nömrəli, 1931-ci ildə ikinci mərtəbəsi tikildikdən sonra 79 nömrəli tam orta məktəb kimi bu gün də fəaliyyətini davam etdirir. 

  Təəssüf ki, Ağabala bəyin sovet hökuməti dövründə bütün mülkləri, bağları, torpaq, sahələri, dükanları əlindən alınır, 1937-ci ildə 2 oğlu - Şeysbəy və Qeysbəy Bakıxanovlar sürgünə göndərilir. 



  Sentyabrın 12-də maarifpərvər, xeyriyyəçi Kərbəlayi Ağabala bəy Bakıxanovun vəfatının 100 illiyi münasibətilə tədbir Bakıxanov soyadını daşıyan yaxınlarının, Bülbülə sakinlərinin, tanınmış ziyalıların iştirakı ilə keçirildi. Öncə Ağabala bəy Bakıxanovun xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcısı Simuzər Bakıxanova tədbirdə iştirak edən qonaqları salamladı. Tarixçi alim Firdovsiyyə Əhmədova çıxışında bir çox xeyriyyəçi, maarifpərvər şəxslər haqqında məlumatların çox olmasını gənc nəsillər üçün vacib amil olduğunu qeyd etdi. Firdovsiyyə Əhmədova vaxtilə Ağabala bəy Bakıxanovun tikdirdiyi məktəb binasında xatirə lövhəsinin qoyulmasını, xüsusi guşənin yaradılmasını onun ruhuna böyük ehtiram kimi dəyərləndirdi.




  Anım tədbirində Ağabala bəy Bakıxanovun oğlu İsa bəyin nəticəsi Səkinə Həmidova, İlqar Bakıxanov, Təranə Cəbiyeva, Nuhbala Ağayev, Qubat Bağırov, Fərhad Muradov, şairə Gülarə Munis, İlyas Əhmədov, Qurban Dostəlizadə, Gülnarə Bakıxanova xeyriyyəçi Ağabala bəy Bakıxanovdan söhbət açaraq, onun mənalı ömür yolunu vərəqlədilər.  



İllər keçəcək, Bakının varlı təbəqəsinin nüfuzlu bəylərindən olan, kimsəsizlərə yardım edən, el ağsaqqalı Ağabala bəy Bakıxanovun xatirəsi gənc nəslin yaddaşından silinməyəcək.

Ruhun şad olsun, Kərbəlayi Ağabala bəy!                                                                                                             
Təranə CƏBİYEVA


Tarix: Bu gün, 18:19

Xəbəri paylaş