Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ATU-da Beynəlxalq Elmi Konfrans keçirilib



 
 

Azərbaycan Texnologiya Universitetində PLMO 2025 “Şərq-Qərb Nəqliyyat Koridorunda Logistika və İdarəetmə Problemləri” Beynəlxalq Elmi Konfransı keçirilib.
13 may 2025-ci il tarixlərində Bakıda açılışı keçirilən Şərq-Qərb Nəqliyyat Dəhlizində Logistika, İdarəetmə və İstismar Problemləri” adlı 4-cü Beynəlxalq Konfrans (PLMO 2025) Azərbaycan Texnologiya Universitetində davam edib.
Beynəlxalq tədbir Azərbaycan Texnologiya Universiteti, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, Polşanın Silesia Texnologiya Universiteti, Çinin Guangzhou Universiteti, Gürcüstan Texniki Universiteti və Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetinin birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirin tərəfdaşları arasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Azərbaycan, Türkiyə, Çin, Ukrayna, Qazaxıstan, Moldova və Gürcüstanın bir sıra elmi və ali təhsil müəssisələri yer alır.
Sessiyanın iclasında Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov açılış nitqi ilə çıxış edib, tədbirin regionun nəqliyyat-logistika sahəsində elmi-tədqiqat mühitinin gücləndirilməsinə, yeni texnoloji və idarəetmə yanaşmalarının formalaşmasına töhfə verəcəyinə əminlik ifadə edərək konfransın işinə uğurlar arzulayıb.
Daha sonra İdarəetmə Sistemləri İnstitutunun baş direktoru akademik Əli Abbasov, Silesia Texnologiya Universitetinin Dəmir Yolu Nəqliyyatı kafedrasının professoru Aleksander Sladkovski çıxış edib, nəqliyyat koridorlarında intellektual idarəetmə sistemlərinin rolu və elmi yanaşmaların əhəmiyyətindən danışıblar.
Plenar iclasda Özbəkistanın Daşkənd Dövlət Nəqliyyat Universitetinin Vaqon və vaqon təsərrüfatı kafedrasının müdiri prof. Rüstəm Rəhimov  “Özbəkistan Respublikasının dəmir yolları üçün tutumu artırılmış sərnişin vaqonları”, ATU-nun Maşın mühəndisliyi və logistika kafedrasının dosenti Şahin Quliyev “Şərq-Qərb nəqliyyat dəhlizində Azərbaycanın əhəmiyyəti və perspektivlər” mövzusunda elmi məruzələrlə çıxış ediblər.
İki gün davam edən tədbir çərçivəsində müxtəlif ölkələrdən olan alim və mütəxəssislər arasında Şərq-Qərb dəhlizində Avropa ilə Asiya arasında dəmir yolu nəqliyyatının potensialı və qarşılıqlı əməkdaşlıq imkanlarının artırılmasında elmi töhfələr müzakirə ediləcək, səmərəli fikir mübadiləsi aparılaraq yeni elmi əməkdaşlıq imkanları dəyərləndiriləcək.
 


Tarix: 17-05-2025, 00:30

Xəbəri paylaş