Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Türk dövlətləri arasında təhsil əməkdaşlığı müzakirə olunub


Mayın 16-da Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının “TÜRKPA üzv dövlətlərində təhsil sahəsində proseslərin uyğunlaşdırılması: problemlər və inkişaf perspektivləri" mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Bu barədə AZƏRTAC-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, iclasda TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər üzrə komissiyasının sədr müavini, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva və komissiyanın üzvü, deputat Hikmət Məmmədov çıxış ediblər.
Günay Əfəndiyeva komissiyanın hesabatına istinadən qeyd edib ki, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında bir sıra ikitərəfli təhsil sazişlərinin imzalanması və ortaq universitetlərin yaradılması bu sahədə atılmış mühüm addımlar sırasındadır. O bildirib ki, bu təşəbbüslər yalnız təhsil sahəsində əməkdaşlığın dərinləşməsinə deyil, eyni zamanda, ümumtürk inteqrasiyasının sürətlənməsinə və gələcək nəsillərin ortaq dəyərlər əsasında formalaşmasına xidmət edir.
Sonra çıxış edən deputat Hikmət Məmmədov türk dövlətləri arasında təhsil və tədris prosesinin inkişafı ilə bağlı fikirlərini bölüşüb.
İclasın sonunda komissiyanın əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə xarakterli qərarlar barədə fikir mübadiləsi aparılıb. Müzakirələr nəticəsində “Uşaqların sağlamlığı və inkişafına zərər vuran məlumatlardan qorunması haqqında” Model Qanunun hazırlanmasına dair qərar qəbul edilib.
Həmin gün Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının, eyni zamanda, "TÜRKPA üzv dövlətlərində təhsil sahəsində müasir çağırışlar, problemlər və inkişaf yolları" mövzusunda seminarı keçirilib.
Tədbirə TÜRKPA-nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının sədri, Qırğız Respublikası Joqorku Keneşinin deputatı Ulan Bakasov moderatorluq edib.
Seminarda çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov nazirliyin türk dövlətləri ilə təhsil sahəsində fəal əməkdaşlıq etdiyini bildirib. O, ötən il Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin VIII iclasında təhsil sahəsində əməkdaşlığın gücləndirilməsinin, ortaq proqramların hazırlanmasının və məktəblilərin ortaq türk tarixini və mədəniyyətini öyrənməsinin vacibliyinin vurğulandığını qeyd edib, seminarın mövzusu barədə öz fikirlərini səsləndirib.
Ç.Məmmədov çıxışının sonunda TÜRKPA-nın üzv dövlətləri arasında təhsil sahəsində əməkdaşlığın inkişafı, problemlərin həlli və təhsil sistemlərinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə ortaq strategiyaların hazırlanmasının vacibliyini vurğulayıb.
Sonra Qırğız Respublikası Təhsil və Elm Nazirliyinin Elm və innovasiyalar departamentinin aparıcı mütəxəssisi Ayjan Karibekova, Türkiyə Respublikası Ali Təhsil Şurasının müşaviri İlyas Kara, Milli Təhsil Nazirliyi Milli Təhsil Akademiyasının eksperti Murat Akkuş və nazirliyin Beynəlxalq Təşkilatlar Şöbəsi, Avropa Birliyi və Xarici Əlaqələr Baş İdarəsinin ekspert müəllimi Şeyma Nur Dündar çıxış ediblər. Çıxışçılar Türk dövlətləri arasında elm, təhsil, mədəniyyət və humanitar sahələrdə ortaq fəaliyyətlərin perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər.


Tarix: Dünən, 16:30

Xəbəri paylaş