Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ATU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş Beynəlxalq elmi-praktik konfrans keçirilib




Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. 

Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.  

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider  Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.

ATU-nun rektoru Yaşar Ömərov konfransda giriş sözü ilə çıxış edib, bildirib ki, bu ilki konfrans daha əlamətdardır. Çünki, Texnologiya Universitetinin əsası Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1970-ci ilin məhz may ayında qoyulub və bu tarixi qərardan 55 il ötür. Rektor Ulu öndər Heydər Əliyevin elmə diqqət və qayğısını onun siyasətini uğurla davam etdirən cənab Prezident İlham Əliyevin elmə dəstəyini vurğulayaraq konfransa dair məlumatlar verib.

Açılış tədbirində Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Milli Məclisin deputatı Pərvin Kərimzadə, İsrailin Holon Texnologiya İnstitutunun rektoru prof. Eduard Yakupov, “Azerfon” (NAR) MMC-nin baş icraçı direktoru Qunnar Panke və  “Aspi-Aqro” MMC-nin icraçı direktoru Cahangir  Şəfizadə çıxış edərək kofransın işinə uğurlar arzu ediblər. 

Plenar iclas çərçivəsində – Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Təhlil və Monitorinq şöbəsinin rəhbəri Əzizə Vidadinin, Azərbaycan Dövlət İqtisad Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru Rövnəq Rzayevin, Azərbaycan Texnologiya Universitetinin Magistratura və doktorantura şöbəsinin müdiri, Qida mühəndisliyi və ekspertiza kafedrasının dosenti Eldəniz Bayramovun və Azərbaycan Texnologiya Universitetinin Ətraf mühitin mühafizəsi kafedrasının doktorantı Elnur Arifzadənin elmi məruzələri dinlənilib. Daha sonra iki günlük konfrans 11 istiqamət üzrə bölmələrdə öz işini davam etdirib.

Qeyd edək ki, tədbir 21 ölkə, 53 universitet, 10 tədqiqat institutu və bir sıra dövlət və özəl müəssisələrinin iştirakı ilə baş tutub.  Konfransın məcmuələr toplusuna 648 tezis qəbul edilib.


Tarix: Bu gün, 12:00

Xəbəri paylaş