ATU-da Karyera Festivalı keçirilir
Azərbaycan Texnologiya Universitetində Karyera Festivalı öz işinə başlayıb.
Festivalın açılış tədbirində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov çıxış edərək son buraxılış kursu tələbələrinə uğurlar arzulayıb. Bildirib ki, ATU bu ildən məzun tələbələri üçün yeni üfüqlər açır — hər il keçirdiyi Məzun Yarmarkasını Karyera Festivalı ilə əvəz edərək yeni ənənənin əsasını qoyur. Rektor qeyd edib ki, bu yeni yanaşma müasir təhsil strategiyalarına — tələbəyönümlü və bacarıqəsaslı inkişaf modelinə uyğunluğu baxımından əhəmiyyət daşıyır. Festival yalnız vakansiyaların təqdimatı ilə kifayətlənmir, eyni zamanda tələbələrin real sektorla əlaqələrini genişləndirir, onların bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş sessiyaları, təlimləri, forumları və interaktiv fəaliyyətləri əhatə edir.
Açılış tədbirində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Dövlət Turizm Agentliyinin Gəncə Regional Turizm İdarəsinin rəisi Fariz Qarayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Gəncə-Qazax regionu üzrə koordinatoru Anar Əliyev, “Azersun Holding”in İstedadların İdarəedilməsi Şöbəsinin müdiri Səadət Əliyeva çıxış edərək Karyera Festivalının işinə və məzun olmağa hazırlaşan tələbələrə uğurlar arzulayıblar.
Daha sonra son buraxılış kursu tələbələri Əmək yarmarkasında iştirak ediblər. Bu il məzun olmağa hazırlaşan bakalavriat səviyyəsi üzrə 600, magistratura səviyyəsi üzrə isə 150-dən çox tələbə müəssisə və təşkilatların stendlərinə yaxınlaşaraq təqdim edilən vakansiyalarla tanış olublar. Stendlərdə Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları”, “AzerGold”, ASAN xidmət, KOBİA, Regional Turizm İdarəsi, “AzərAlüminium”, “Azersun”, “AzGranata”, “Azərşəkər”, “ATENA”, “ATS Food”, “Çörək №1” zavodu, Gəncə Tekstil Fabriki, bir çox aparıcı banklar və digər müəssisələr yer alıb. Yarmarkada 40-dan çox dövlət və özəl sektor təmsilçisi 400-dən artıq vakansiya təqdim edib.
Qeyd edək ki, iki gün davam edəcək Karyera Festivalı çərçivəsində Əmək yarmarkası ilə yanaşı, nüfuzlu şirkətlərin rəhbər şəxslərinin və nümayəndələrinin iştirakı ilə Karyera Təlimləri və Karyera Forumu da keçiriləcək.

Tarix: Bu gün, 19:19