MDU-nun alimləri Xaldan məktəbliləri ilə görüşüblər
Mingəçevir Dövlət Universitetində 2025/2026-cı tədris ili üçün tələbə qəbulunun mütəşəkkil təşkil edilməsi, təbliğat və təşviqat işlərinin vaxtında aparılması məqsədilə İşçi qrupları yaradılmışdır.
İşçi qrupunun üzvləri və universitetin tələbələri təbliğat-təşviqat kampaniyası çərçivəsində qonşu Yevlax rayonunun Xaldan kənd kompleks tam orta məktəbinin buraxılış sinif şagirdləri ilə görüşmüşlər.
Görüşü Xaldan kənd kompleks tam orta məktəbin direktoru Günel Yusifzadə açaraq, Xaldan məktəbinin son ildəki uğurlarından danışdı.
Bu gün Xaldan məktəbində 600-ə yaxın şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 50 müəllim məşğul olur. Məktəbdə kimya, biologiya, fizika, informatika laboratoriyaları, geniş və işıqlı sinif otaqları, akt zalı, idman zalı, bufet və s. şagirdlərin istifadəsindədir.
Yaşilliğa qərq olmuş məktəb həyəti, geniş istixana, futbol meydançası göz oxşayır. Bu il Xaldan kənd kompleks tam orta məktəbini 60 tələbə bitirir. Onlar elmlərin sirlərinə səylə yiyələnirlər.
Söz qonaqlara - Mingəçevir Dövlət Universitetinin əməkdaşlarına verildi. Filologiya üzrə fəlsəfə doktoru, dosent Namaz Manafov çıxış edərək, əvvəlcə Mingəçevir Dövlət Universitetinin rektoru vəzifəsini müvəqqəti içra edən Üzeyir Zeynalovun salamlarını buraxılış sinif şagirdlərinə çatdırdı, ali təhsil almaq üçün onları Xaldan kəndindən cəmi 15-16 kilometr aralıda yerləşən Mingəçevir Dövlət Universitetinə dəvət etdı. N. Manafov şagirdlərə MDU-nun üstünlükləri, tədris prosesi, ixtisasları haqqında ətraflı məlumat verdi.
Mingəçevir Dövlət Universitetinin baş müəllimi, iqtisad üzrə fəlsəfə doktoru Məlahət Rəhimova Mingəçevir Dövlət Universitetinə həsr olunmuş video-çarx nümayiş etdirib, buraxılış sinif şagirdlərinə gələcək təhsillərində uğurlar arzuladı.
Xaldan kənd kompleks tam orta məktəbini 1972-ci ildə bitirmiş, hazırda Mingəçevir Dövlət Universitetinin dosenti, iqtisad elmləri üzrə fəlsəfə doktoru Ofeliya Səmədovanın çıxışı alqışlarla qarşılandı. Ofeliya müəllim Xaldan kənd məktəbindəki təhsil illərindən, hazırda çalışdığı Mingəçevir Dövlət Universitetindən söhbət açdı.
Xaldan kənd kompleks tam orta məktəbin məzunları, hazırda Mingəçevir Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kurs magistrantı Nigar Salahova, Azərbaycan dili və ədəbiyyatı (filologiya) ixtisasının I kurs tələbəsi Aygün Mustafayeva MDU-da tələbələrə yaradılan şəraitdən danışdılar, gələcəyin tələbələrinə Mingəçevir Dövlət Universitetini seçməyi tövsiyə etdilər.
Axırda MDU-nun alimləri buraxılış sinif şagirdlərinin suallarını cavablandırdılar.
Tarix: Dünən, 21:25