Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanlı alimlər Moskva Dövlət Universitetində keçirilən konfransında ölkəmizi təmsil ediblər





Azərbaycanlı alimlər nadir xəstəliklər sahəsində ekspertlərin Moskva Dövlət Universitetində keçirilən konfransında ölkəmizi təmsil ediblər

Ötən həftə M. V. Lomonosov adına Moskva Dövlət Universitetində nadir xəstəliklər üzrə mütəxəssislərin konfransı keçirilib.

Moskavada Lomonosov Klasterində təşkil olunan iki günlük "Nadir xəstəliklər: Akademik dinləmələr" adlı tədbirə MDB ölkələrindən 900-ə yaxın iştirakçı toplanıb və 1200-dən çox iştirakçı onlayn qəbul edilib.
 
Konfransda ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə və  tibb üzrə fəlsəfə doktoru Səbinə Cəfərva təmsil ediblər.

Tədbirdə nadir xəstəliklər sahəsində ekspertlər bir araya gələrək, terapiyanın klinik effektivliyinin qiymətləndirilməsi, müşahidəli çoxmərkəzli tədqiqatların təşkili, müalicənin əlçatanlığının qanunvericilik və sosial aspektləri kimi əsas məsələlərin müzakirəsində iştirak ediblər.

Müxtəlif ixtisaslı həkimləri - cərrahlar, onkoloqlar, allerqoloqlar-immunoloqlar, genetiklər, hematoloqlar, anestezioloqlar-reanimatoloqlar, klinik laboratoriya mütəxəssisləri, nadir xəstəliklərin müalicəsi sahəsində mütəxəssislər, tibbi yardımın təşkili sahəsində ekspertlər və səhiyyə orqanlarının regional nümayəndələrin iştirak etdiyi konfrans nadir xəstəlikləri olan xəstələrə qayğının inkişafı sahəsində prioritetlərin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi yüksək qiymətləndirilib.

Alimlərimiz elm, biznes və istedadları birləşdirən məkan - Lomonosov Klasterində təqdimatla çıxış ediblər


Təranə Tağı-zadə çıxışında Assosiasiyanın tarixində əldə etdiyi mühüm nailiyyətlərdən danışıb. O vurğulayıb ki, 95 illik fəaliyyət dövründə APA ölkə miqyasında ana və uşaq sağlamlığının qorunmasına böyük töhfələr verib. Bu illər ərzində təşkilat mütəxəssislərin peşəkar inkişafına xüsusi diqqət ayıraraq çoxsaylı təlimlər həyata keçirib. Bununla yanaşı, tibbi xidmətlərin keyfiyyətini artırmaq məqsədilə müvafiq standartların hazırlanması və tətbiqi işində də aparıcı rol oynayıb. Assosiasiya həmçinin ictimai maarifləndirmə kampaniyaları təşkil edərək cəmiyyətin bu sahədə məlumatlılığının artmasına və sağlamlıq mövzusunda şüurun formalaşmasına mühüm töhfələr verib.

Alimlərimiz təqdimatlarında genetik tədqiqatlar, fərdi genetik diaqnostikanın inkişafı, süni intellekt və bioinformatika texnologiyalarının tibbdə tətbiqi kimi innovativ yanaşmalardan geniş bəhs ediblər. Onlar bu texnologiyaların köməyi ilə nadir patologiyaların mahiyyətini daha dərindən anlamağın, erkən diaqnostikanın dəqiqliyini artırmağın və daha effektiv müalicə üsullarının tətbiqinin mümkün olduğunu vurğulayıblar.

Təranə Tağızadə bildirib ki, mindən çox alim, mühəndis, proqram təminatı tərtibatçıları və digər mütəxəssisləri birləşdirən, rezidentlərin yüksək texnologiyalı layihələrin inkişafı üçün hərtərəfli dəstəyə, geniş xidmət və xidmətlərə çıxış əldə etdiyi Lomonosov Klasteri Moskva Dövlət Universitetinin Texnoloji Vadisi bazasında inşa edilmiş dünyanınm ən tanınmış elmi və texnoloji mərkəzlərindən biridir. Mərkəz gənc alim və tələbələrə ideya mərhələsindən uğurlu texnologiya şirkətinə qədər dövlət dəstəyi ilə öz layihələrini inkişaf etdirmək imkanı verir.

Hazırda klasterdə robototexnika, biotibb, ekologiya, informasiya texnologiyaları, nəqliyyat sistemləri sahələrində öz yüksək texnologiyalı layihələrini hazırlayan təşkilatların laboratoriyaları və ofisləri fəliyyət göstərir.

Konfransın mövzusundan irəli gələrək, Təranə Tağı-zadə ölkəmizdə son illərdə genetik xəstəliklərin erkən aşkar olunmasına və qarşısının alınmasına yönəlmiş genetik diaqnostika və prenatal müayinə metodlarının inkişaf etdirildiyini bildirib. Qeyd edib ki, biz ölkəmizdə çalışdığımız tibb ocaqlarında nadir xəstələrin müalicəsi ilə məşğul oluruq, reanimasiya şöbələrində yaxud xəstəxanalarda onlara tibbi yardım göstəririk, Biz həkimlərlə yanaşı, vətəndaş cəmiyyətinin və aidiyyəti təşkilatların birgə səyləri nəticəsində genetik xəstəliklərin idarə olunması və müalicə imkanlarının təkmilləşdirilməsi istiqamətində mühüm addımlar atılmaqdadır. Bu təşkilatlar tez-tez sosial şəbəkələr vasitəsilə belə xəstələrin müalicəsi üçün dəstək çağırışları edərək cəmiyyətin diqqətini bu vacib məsələyə yönəldirlər.

Təranə Tağı-zadə nadir xəstəliklərdən əziyyət çəkən bəzi xəstələrin həyati vacib tibbi müdaxilələrə ehtiyac duyduğunu xüsusi vurğulayıb. O qeyd edib ki, bəzi hallarda orqan transplantasiyası qaçılmaz olur. Məsələn, bəzi autoimmun xəstəliklər var ki, onların müalicəsi üçün mütləq qaraciyər transplantasiyası tələb olunur. Bununla yanaşı, elə nadir xəstəliklər mövcuddur ki, onların müalicəsi yalnız kompleks və uzunmüddətli tibbi prosedurların tətbiqi ilə mümkün olur. Belə xəstələr üçün kompleks müalicə tələb olunur və yüksək ixtisaslaşmış tibbi personalın iştirakı ilə fərdi müalicə planları hazırlanmalıdır. Alim bu mənada Heydər Əliyev Fondunun rolunu xüsusi qeyd edib. Fondun müxtəlif xəstəliklərdən əziyyət çəkən insanlara, xüsusilə azyaşlı uşaqlara mütəmadi olaraq yardım göstərdiyini və onların müalicəsinə dəstək olduğunu deyib. Vurğulayıb ki, burada məqsəd nadir xəstəlikləri olan şəxslər və onların ailələri üçün müalicə və tibbi təminat imkanlarını artırmaqdan ibarətdir.

Alim onu da qeyd edib ki, Azərbaycanda genetik xəstələrin sayıca az olmasına baxmayaraq, mütəmadi olaraq buna yönəlmiş dövlət layihələri həyata keçirilir. Bu layihələr nadir və genetik xəstəliklərin diaqnostikasını, müalicəsini və profilaktikasını əhatə edir. Həmin xəstəliklərin müalicəsi dövlət büdcəsindən maliyyələşir. Eyni zamanda, ölkəmizdə müvafiq elmi tədqiqat institutları genetik xəstəliklərin erkən aşkarlanması və müalicəsi üçün araşdırmalar aparır. Xüsusilə talassemiya və hemofiliya kimi xəstəliklərə diqqət yetirilir.

Səfər çərçivəsində MDB-yə üzv dövlətlərin Konsorsiumu ilə Azərbaycan Pediatrlar Assosiasiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə, gələcəkdə birgə fəaliyyətin daha da gücləndirilməsinə və qarşılıqlı maraq doğuran sahələrdə iş birliyinin inkişafına xidmət edəcək. Müqavilə, tərəflərin bir-birinin təcrübəsindən faydalanmasını və resursları birləşdirərək daha effektiv nəticələr əldə etməsini təmin edəcək.

Təranə Tağı-zadə belə yekunlaşdırıb ki, MDB məkanında nadir xəstəliklər sahəsində əldə edilən irəliləyişlər, elmi tədqiqatların və innovativ müalicə yanaşmalarının tətbiqi, bu xəstəliklərlə mübarizədə mühüm addımların atıldığını açıq şəkildə nümayiş etdirir. Gələcəkdə, bu sahədə davamlı inkişaf və müasir texnologiyaların tətbiqi ilə daha effektiv müalicə metodları və geniş imkanlar yaradılacaq, bu da nadir xəstəliklərlə mübarizəni yeni bir mərhələyə daşıyacaq.


----------------------------------------------------------------------------
Department of Public Relations, Press and Information
Presidium of Azerbaijan National Academy of Sciences

Contacts:
Mob: (+994 50) 720 98 95
E-mail: [email protected]


Tarix: 26-03-2025, 19:55

Xəbəri paylaş