Mingəçevir Dövlət Universitetində Monitorinq Qrupunun Hesabatı təqdim edilib
Mingəçevir Dövlət Universitetində 2024-2025-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında şəffaflığı və obyektivliyi təmin etmək məqsədilə Monitorinq qrupu fəaliyyətini uğurla davam etdirib. Universitetin rektoru vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalovun 6 dekabr 2024-cü il tarixli əmri ilə yenidən formalaşdırılan Monitorinq qrupu imtahanların düzgün keçirilməsi üçün bir sıra əhəmiyyətli işlər görüb.
2025-ci il fevralın 5-də keçirilən hesabat iclasında Monitorinq qrupunun rəhbəri filologiya üzrə fəlsəfə doktoru, dosent Namaz Manafov imtahan sessiyasının təşkilati tərəflərini və monitorinq fəaliyyətinin nəticələrini təqdim edib. Namaz Manafov imtahanların şəffaf və obyektiv keçirilməsini təmin etmək məqsədilə universitetin müxtəlif strukturları ilə sıx əməkdaşlıq edildiyini vurğulayıb. Qrupun fəaliyyəti nəticəsində imtahanlarda qeyri-qanuni hallara rast gəlinməyib, tələbələrə hərtərəfli şərait yaradılıb və imtahan sualları təhsil proqramına uyğun olub.
Monitorinq qrupu Təhsil, Mühəndislik, İqtisadiyyat və İdarəetmə fakültələrində 30-a yaxın imtahanı müşahidə edərək tələbələrin və müəllimlərin işini qiymətləndirib. Tələbələr arasında keçirilən sorğuların nəticələrinə görə, əksər tələbələr imtahanların düzgün və şəffaf keçirildiyini bildirib və bunu monitorinq vərəqələrində təsdiq ediblər.
Hesabatın yekununda qrup üzvləri, o cümlədən İqtisadiyyat kafedrasının baş müəllimi Mehriban Kərimova, İnformasiya texnologiyaları kafedrasının baş müəllimi Ceyhun Əlizadə, Xarici dillər kafedrasının müəllimi Lalə Rüstəmova və Riyaziyyat kafedrasının müəllimi Səriyyə Allahverdiyeva imtahanların şəffaf keçdiyini və bu prosesin universitetin keyfiyyətli təhsil fəaliyyətinə müsbət təsir etdiyini qeyd ediblər.
İclasın sonunda Üzeyir Zeynalov Monitorinq qrupunun fəaliyyətini yüksək qiymətləndirib, qrup üzvlərinə təşəkkür edib. Ü. Zeynalov qrupun gələcəkdə də universitetin inkişafına töhfə verəcəyinə inandığını ifadə edib.
Bu təşəbbüs, Mingəçevir Dövlət Universitetində təhsil prosesinin şəffaf və keyfiyyətli həyata keçirilməsi istiqamətində mühüm addım olaraq qiymətləndirilir.
Tarix: Bu gün, 19:14