Texnologiya Universiteti “TələbəPlus” layihəsinə qoşuldu
Azərbaycan Texnologiya Universiteti (ATU) ilə Təhsilin İnkişafı Fondu (TİF) arasında “TələbəPlus” layihəsi çərçivəsində əməkdaşlıq müqaviləsi
imzalanıb.
Bu məqsədlə baş tutan görüşdə ATU və TİF-in rəhbərliyi, Kapital Bankın nümayəndələri, professor-müəllim heyəti və tələbələr iştirak edib.
Görüş zamanı ATU-nun rektoru Yaşar Ömərov vahid tələbə kartlarının istifadəyə verilməsinin təhsil sahəsində mühüm yeniliklərdən olduğunu
bildirib və bu yeniliyin tələbələrin akademik və sosial imkanlarını genişləndirəcəyinə əminlik ifadə edib.
TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov Yaşar Ömərovu Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Sərəncamı ilə
Azərbaycan Texnologiya Universitetinin rektoru təyin edilməsi münasibətilə təbrik edib, daha sonra layihənin əhəmiyyətindən danışaraq bütün ölkə
üzrə tələbələrin eyni güzəşt və endirimlərdən yararlanmalarını təmin etmək, eyni zamanda onların sosial həyatına dəstək göstərmək məqsədi daşıdığını bildirib.
Görüşdə qeyd olunub ki, TİF-in alış-veriş mərkəzlərində və tələbələrin ən çox istifadə etdiyi müxtəlif iaşə obyektlərində tələbələrə özəl güzəştlər
edilməsi üçün TİF öz tərəfdaşları ilə birlikdə 200-dən artıq şirkətlə razılaşma əldə edib. Bundan əlavə, Mədəniyyət Nazirliyi ilə əldə olunan
ilkin razılaşmaya əsasən, muzeylər, qalereyalar və sərgi salonlarında tələbələr üçün xüsusi güzəştlər nəzərdə tutulur.
Müzakirələrdən sonra ATU-nun rektoru Yaşar Ömərovla TİF-in İdarə Heyətinin sədri Elnur Nəsibov “TələbəPlus” layihəsi çərçivəsində
əməkdaşlıq müqaviləsinə imza atıblar.
Qeyd edək ki, TİF-in Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən
“TələbəPlus” layihəsi vahid tələbə kartlarının tətbiq edilməsini nəzərdə tutur. Layihə çərçivəsində ilkin olaraq yeni tədris ilindən 150 min tələbə
kartının istifadəyə verilməsi planlaşdırılır.
Tarix: 9-12-2024, 22:14