Emin Əmrullayev Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda iştirak edib
Dekabrın 5-də “Ekologiya və uşaqlar” mövzusuna həsr olunmuş Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun açılış mərasimi keçirilib. Forum Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Forum Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Prezident Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva Prezident İlham Əliyevin forum iştirakçılarına müraciətini səsləndirdikdən sonra “Biz Azərbaycan uşaqlarıyıq!” adlı videoçarx nümayiş etdirilib.
Sonra isə uşaqlar adından ölkə başçısı üçün hazırlanan, “Yaşıl dünya naminə həmrəylik ili”, eləcə də Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) uğurlu yekununu təcəssüm etdirən hədiyyə təqdim edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxış edərək forum iştirakçılarını salamlayıb. Komitə sədri suverenliyi və ərazi bütövlüyü təmin edilmiş Azərbaycanda ölkə ərazisinin bütün bölgələrini təmsil edən uşaqların iştirakı ilə keçirilən ilk forumun işinə uğurlar arzulayıb.
Bahar Muradova forumu günümüz və gələcəyimizin ən vacib mövzuları barədə müzakirə aparmaq, uşaqların öz fikirləri və təşəbbüslərini bölüşmək, daha yaxşı bir cəmiyyət, daha yaşıl bir ölkə və daha təhlükəsiz bir dünya naminə səyləri birləşdirmək üçün gözəl bir imkan kimi qiymətləndirib.
Forumda çıxış edən elm və təhsil naziri Emin Əmrullayev Azərbaycan xalqının qarşısında duran əsas məqsədlərdən birinin kimliyini qorumaq, mədəniyyətinə sahib çıxmaq və milli dəyərlərimizi yaşatmaq olduğunu qeyd edib.
Qız uşaqlarının təhsilinin əhəmiyyətindən danışan nazir deyib ki, təhsil daha savadlı, bacarıqlı və güclü millət kimi formalaşmanın əsas amillərindən biridir. Nazir əlavə edib ki, bu istiqamətdə səyləri birləşdirmək və hər uşağa müvafiq qaydada təhsil almaq imkanı yaradılmasına çalışmaq lazımdır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev öz növbəsində qeyd edib ki, uşaqları iqlim dəyişikliyinin təsirlərindən qorumaq üçün investisiya vacibdir və bu hədəflərə nail olmaq məqsədilə son illər siyasi, iqtisadi və qanunvericilik islahatları aparılır.
Tədbirdə iştirak edən Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəsi Saca Faruq Abdullah uşaq və gənclərin təmiz, təhlükəsiz və davamlı ətraf mühit hüququ olduğuna diqqət çəkib, onların planetimizlə bağlı bu gün verdiyimiz bütün qərarları miras alacaqlarını deyib. Azərbaycanın COP29-u uğurla başa vurduğunu qeyd edən UNİCEF rəsmisi builki COP-un həm də uşaqların və gənclərin iştirakı, onların iqlim dəyişikliyi ilə bağlı müzakirələrə verdiyi töhfələrlə yadda qaldığını bildirib.
Forum uşaqların rəsmi nümayəndələrlə dialoqu ilə davam edib. Müzakirələrdə iştirak edən elm və təhsil nazirinin müavini Həsən Həsənli, səhiyyə nazirinin müavini İlqar Qasımov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Elektron Təhlükəsizlik Xidmətinin rəisi Samir Rəsulov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, IV “Yüksəliş” müsabiqəsinin qalibləri Günel Musayeva və Seymur Hüseynov uşaqların suallarını cavablandırıblar.
Forumun ikinci hissəsində uşaqlar müxtəlif mövzular üzrə qruplaşaraq müzakirələr aparacaq, müvafiq təkliflərlə çıxış edəcəklər. Günün sonunda müzakirələrin nəticələri haqqında məlumat veriləcək, həmçinin forum iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciəti səsləndiriləcək.
Qeyd edək ki, tədbirdə Azərbaycanın bütün şəhər və rayonlarından olan 300 uşaq, eləcə də Türkiyə Respublikasını təmsil edən uşaqlar iştirak edib.
Tarix: 5-12-2024, 21:56