Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

BDU-nun rektoru: Türkiyədə çalışan azərbaycanlı alimlərlə əməkdaşlıq öz faydasını verəcək



Türkiyədə Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) yaradılması mühüm hadisə kimi qiymətləndirilə bilər. Dərnəyin İstanbulda keçirilən ilk toplantısında bu qurumun ümumi fəaliyyət istiqaməti müəyyənləşdirilib. Tədbirə Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin rektorları da dəvət edilib ki, bunun üçün təşəkkürümüzü ifadə etmək istərdik. Universitet rəhbərləri olaraq ABİD-lə əməkdaşlıq bizi maraqlandıran məsələdir. Həm təhsil, həm də bir elm mərkəzi olması baxımından Bakı Dövlət Universitetinin bu əməkdaşlığa marağı daha böyükdür. İlk növbədə, onu vurğulamaq istərdim ki, Türkiyədə fəaliyyət göstərən dəyərli alimlərimizin əksəriyyəti BDU-nun məzunlarıdır.
Bu barədə AZƏRTAC-a müsahibəsində İstanbulda ABİD-in ilk ümumi iclasında iştirak edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib.
BDU-nun son illər reytinq baxımından öz fəaliyyətini sürətlə yaxşılaşdırdığını, beynəlxalq əlaqələrini gücləndirdiyini və tədqiqat universiteti statusunu almaq əzmində olduğunu vurğulayan rektor deyib: “Bu mənada İstanbulda keçirilən toplantıdan sonrakı gözləntilərimiz daha çoxdur. Bundan sonra biz artıq praktiki müstəvidə addımlar atmalıyıq. Bunun üçün də hər iki tərəf bir masa ətrafında oturaraq problemləri birgə araşdırmalı və həlli yollarını müəyyənləşdirməlidir. ABİD-in növbəti toplantılarından biri və ya bir neçəsinin universitetimizdə təşkil olunmasını və müvafiq məsələlərin yerində müzakirə olunaraq konkret həll yollarını birgə axtarmağı təklif edirik”.
O qeyd edib ki, Türkiyədə fəaliyyət göstərən alimlərimiz mövcud problemlərə daha çox bələddirlər. Onlar həm Sovet İttifaqı, həm keçid, həm də müstəqillik dövründə çalışıb və müasir zamanın həm elm, həm də tədris meyillərini daha yaxşı bilirlər.
“Bu baxımdan düşünürəm ki, ABİD-lə əməkdaşlığımız mütləq şəkildə öz faydasını verəcək. Bununla bağlı BDU-nun təkliflərini də ümumiləşdirərək dərnəyin iclasında təqdim etdik. Təkliflərimizin arasında elmi prioritetlərin birgə müəyyənləşdirilməsində alimlərimizin iştirakı, birgə tədbirlərin təşkili, elm adamlarımızın universitetlərimizə qısa, orta və ya uzun müddətə dəvət olunaraq tədris prosesi və elmi tədqiqatlarda iştirakını təmin etmək, birgə qrantların verilməsi kimi müxtəlif məsələlər yer alır”, - deyə Elçin Babayev əlavə edib. Rektor fikirlərini belə yekunlaşdırıb: “Ümumiyyətlə, bizim Türkiyədə yaşayan alimlərimiz çox yaxşı körpü yaratmaq imkanına malikdirlər. Düşünürəm ki, biz bu məsələdə qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olmaq əzmindəyik və buna potensialımız da çatır”.


Tarix: Dünən, 22:51

Xəbəri paylaş