Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Azərbaycanda ilk dəfə “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans təşkil edilib



Oktyabrın 19-da Azərbaycan Dövlət Pedaqoji Universitetində “Təhsildə Estoniya təcrübəsi” mövzusunda beynəlxalq konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, beynəlxalq konfrans Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU), Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin tərəfdaşlığı, “T-Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilib.
Konfransın açılış mərasimində çıxış edən ADPU-nun rektoru professor Cəfər Cəfərov vurğulayıb ki, təhsil sahəsində qabaqcıl təcrübələrin, müasir texnologiyaların və yeniliklərin tətbiqi istiqamətində təcrübə mübadiləsi hər zaman inkişafın təməl daşıdır. Bu baxımdan Estoniyanın təhsildə qazandığı uğurlar dəyərli bir nümunədir.
Rektor bildirib ki, Estoniya rəqəmsal təhsil sisteminin qurulması və təhsil proseslərinin modernləşdirilməsi sahəsində dünya miqyasında ön sıralarda yer alır: “Rəqəmsal texnologiyalarla zənginləşdirilmiş tədris proqramları, müəllim hazırlığının müasir standartlar üzrə təşkil olunması və təhsil sisteminin inklüzivliyinin artırılması istiqamətində Estoniya təcrübəsi təkcə Avropa ölkələri üçün deyil, həmçinin bizim üçün dəyərli təcrübələr təqdim edir. Bu baxımdan təhsilimizin dünya standartlarına uyğunlaşdırılması, tədris prosesinin səmərəliliyinin artırılması üçün beynəlxalq təcrübələrdən yararlanmağa böyük əhəmiyyət verən ADPU daim bu kimi tədbirlərə ev sahibliyi edir”.
Milli Məclisin deputatı Mehriban Vəliyeva çıxışında Estoniya rəqəmsal təhsil sistemində əldə olunan nailiyyətlərin öyrənilməsinin əhəmiyyətinə toxunub, belə bir tədbirin təşkilini yüksək qiymətləndirib.
Qeyd olunub ki, konfransın keçirilməsində əsas məqsəd Estoniyanın təhsil sistemi ilə tanış olmaq və bu sahədə təcrübə mübadiləsi aparmaqdır.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə çıxışında təcrübə mübadiləsinin önəmindən danışıb.
Konfransda Estoniya Təhsil və Tədqiqatlar Nazirliyinin yeni tədris proqramlarının hazırlanması üzrə işçi qrupunun üzvü, Tallin Universitetində təhsilin idarəolunması üzrə müəllim, Eston Dili İnstitutunun tədqiqatlar üzrə layihə rəhbəri, psixoloq Stanislav Nemerjitski, Estoniyada dövlət bağçalarının mentoru, Tallin Məktəbəqədər Təhsil üzrə Direktorlar Assosiasiyasının İdarə Heyətinin üzvü Riina Ləil, Estoniyada “Lingatore” xarici dil tədrisi mərkəzinin rəhbəri, xarici dil tədrisi üzrə metodist, baş müəllim Evelin Müüripeal, Estoniyanın təhsildə inteqrasiya üzrə Dövlət Proqramının mentoru, “Təhsildə ilin adamı” mükafatı laureatı Sənəm Əliyeva təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.
Təqdimatlar “Estoniyanın PISA uğuru: əsas səbəblər”, “İdarəetməni dəyişin: uşaqyönümlü öyrənmə mühitini necə yaratmaq olar?”, “Estoniya təhsilinə baxış”, “Effektiv öyrənmə mühiti” mövzularını əhatə edib.


Tarix: 20-10-2024, 18:56

Xəbəri paylaş