üseyn Hüseynov: Tərbiyəçi-müəllimlərin bilik və bacarıqları müasir dövrün tələblərinə uyğun olmalıdır
Oktyabrın 19-20-də ümumilikdə 13 min tərbiyəçi-müəllim və metodistlərin iştirakı ilə diaqnostik qiymətləndirilmə keçiriləcək. Proseslə bağlı “Azərbaycan müəllimi”nin suallarını cavablandıran Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin əməkdaşı Hüseyn Hüseynov proseslə bağlı məlumat verib, edilən müraciətlərlə bağlı məqamlara aydınlıq gətirib.
- Diaqnostik qiymətləndirilmə kimlər üçündür? Bu prosesdə iştirak etməmək olarmı?
- Hazırda bağçalarda pedaqoji fəaliyyət ilə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin diaqnostik qiymətləndirilməsi aparılacaq. Onların sayı təxmini 13 min nəfərdir. Əmək, sosial və analıq məzuniyyətlərində olan şəxslər, həmçinin Elm və Təhsil Nazirliyinin təşkil etdiyi mərkəzləşdirilmiş qaydada imtahanlarda iştirak edərək işə qəbul olunanların (son 3 ildə) diaqnostik qiymətləndirilmədə iştirakı könüllüdür.
“Pedaqoji heyət bu prosesdə iştirak etməkdə maraqlı olmaldır”
- Cari diaqnostik qiymətləndirmədə iştirak etməyənlər üçün gələcəkdə yenidən diaqnostik qiymətləndirilmə aparılacaqmı?
- Diaqnostik qiymətləndirilmə bir dəfə təşkil edilir. Pedaqoji heyət bu prosesdə iştirak etməkdə maraqlı olmaldır. Bununla da onlar sertifikatlaşdırma prosesinə daha hazırlıqlı olacaqlar və biz də təlim ehtiyaclarını düzgün müəyyənləşdirə biləcəyik.
- Qiymətləndirmə meyarları geniş, istiqamətlər kifayət qədər əhatəli olacaq. Bəzən elə gəlir ki, indiki pedaqoji heyət bu qədər böyük tələblərə cavab vermək iqtidarında deyil və diaqnostik qiymətləndirilmə çox çətin keçəcək…
- Erkən təhsil fərdin yetişməsində, şəxsiyyətin formalaşmasında çox önəmli əhəmiyyətə malikdir. Təhsil sahəsi üzrə daha inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər salsaq qeyd edə bilərik ki, orada erkən və məktəbəqədər təhsil fəaliyyəti ilə məşğul olmaq üçün mütləq şəkildə magistr dərəcəsi tələb edilir.
Ölkəmizdə isə orta ixtisas təhsil səviyyəsi üzrə də təhsil alanlar ixtisas uyğunluğu nəzərə alınmaqla, məktəbəqədər təhsil müəssisələrində çalışa bilirlər.
Diaqnostik qiymətləndirilmədə tərbiyəçi-müəllimlərin uşaqlarla işləmək üçün lazım olan bilik, bacarıq, savadı yoxlanılır. Ancaq pedaqoji heyət buna nə qədər hazırdır? Biz məhz bunu müəyyənləşdirmək üçün diaqnostik qiymətləndirmə aparırıq. Biz gələcək nəslin yetişməsində müstəsna rol oynayan erkən təhsilin inkişafından danışırıqsa, məhz tərbiyəçi-müəllimlərin bilik və bacarıqları müasir dövrün tələblərinə uyğun olmalıdır. Bundan irəli gələrək diaqnostik qiymətləndirilmənin formatı, mövzusu, məzmunu çərçivə sənədində məhz buna uyğun müəyyən edilib.
Bağçalarda çalışan pedaqoji heyət üçün təlimlər keçirilib
- Hazırda tərbiyəçi-müəllim kimi çalışan heyətin bu qədər böyük tələblərə cavab vermək iqtidarında olub-olmadıqlarını sorğulayarkən onu nəzərə alırıq ki, onların bir qismi sovet təhsil sisteminin, bir qismi keçid dövrünün məzunlarıdır. Çox az hissə var ki, müasir tələblər əsasında tərbiyəçi-müəllim kimi yetişib və işə qəbul edilib. Köhnə təhsil tələbləri ilə yetişən tərbiyəçi-müəllimlərin müasir tələblərə cavab vermələri üçün təlimlər keçirildiyi barədə məlumatımız da var. Maraqlıdır, bu proses hamını əhatə edibmi, yoxsa təlimləndirilməyənlər hələ çoxdur?
- Bu vaxta qədər məktəbəqədər təhsil müəssisələrində çalışanların işə qəbulu mərkəzləşdirilmiş qaydada həyata keçirilməyib. Məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra ölkə səviyyəsində ilk dəfə olaraq tərbiyəçi-müəllimlər müsabiqə yolu ilə işə qəbul olunmağa başladılar. Bildiyiniz kimi, işə qəbul müsabiqəsində bağça müəllimlərinin bilik və bacarıqları ilə yanaşı, onların bu vəzifəyə psixoloji, pedaqoji və metodoloji baxımdan uyğunluğu yoxlanılır. Qəbul olunanların da əksəriyyəti son illərdə məktəbəqədər təhsil sahəsi üzrə orta ixtisas və bakalavr səviyyəsində təhsil alanlardır.
Hazırda bağçalarda çalışan pedaqoji heyət üçün tərəfimizdən həm Bakı şəhərində, həm də regionlarda 2022-ci ildən etibarən canlı və onlayn şəkildə təlimlər keçirilib və davam etməkdədir. Genişmiqyaslı təlimlərdə metodist, tərbiyəçi-müəllimlər, hətta bağça müdirləri iştirak ediblər. 3 il ərzində məktəbəqədər təhsil müəssisələrində çalışan heyət üçün keçirilmiş təlimlərdə 8273 tərbiyəçi-müəllim, 1128 nəfər müdir, 100 nəfər metodist iştirak edib. Rəqəmlərə nəzər yetirsək, bağçalarda çalışan tərbiyəçi-müəllimlərin böyük əksəriyyətinin təlimlərdə iştirak etdiyi aydın olur.
- Təlimlər hamını əhatə edibmi? Onlar sabah keçiriləcək, bütün tərbiyəçi-müəllimləri, metodistləri əhatə edəcək diaqnostik qiymətləndirilmədə iştirak etmək üçün hazırdırlarmı?
- Təlimlərin əsas məqsədi pedaqoji heyətin peşəkar bacarıqlarının təkmilləşdirilməsi və biliyinin artırılması ilə bağlı idi. Diaqnostikanı isə ona görə aparırıq ki, tərbiyəçi-müəllimlərin və metodistlərin faktiki olaraq bilik və bacarıqlarının hansı səviyyədə olduğunu müəyyən edək. Bundan sonra onların təlim ehtiyacları daha düzgün müəyyənləşdiriləcək, sertifikatlaşdırmaya qədər olan müddətdə onlar təlimlərə cəlb ediləcəklər. Həmin təlimlər də məhz sertifikatlaşdırma prosesinə hazırlığı əhatə etmiş olacaq.
Bilirsiniz ki, 2026-cı ilin sonunadək sertifikatlaşdırma prosesi başa çatmalıdır. Odur ki, diaqnostik qiymətləndirilmənin nəticəsindən asılı olaraq qarşıdakı müddət ərzində tərbiyəçi-müəllimlər və metodistlər təlimlərə cəlb edilərək sertifikatlaşdırma prosesinə hazırlanmalıdır. İlkin mərhələdə keçirilən təlimlər onları diaqnostik qiymətləndirilməyə hazırlamaq yox, bilgilərinin artırılmasına xidmət edirdi, sadəcə təkmilləşdirilmə təlimləri idi.
“İKT bacarıqlarının yüksək səviyyədə olmamasından narahatdırlar”
- Bəs sabah və biri gün diaqnostik qiymətləndirilmədə iştirak edəcək kontingent mənəvi-psixoloji cəhətdən buna hazırdırmı?
- Tərbiyəçi-müəllim və metodistlərlə olan görüşlər və seminarların təhlili onu deməyə əsas verir ki, onların bir qismi qiymətləndirilmə prosesinin mahiyyətindən daha çox İKT bacarıqlarının yüksək səviyyədə olmamasından narahatdırlar.
Diaqnostik qiymətləndirilmə prosesinə psixoloji cəhətdən hazır olmaları üçün həm Agentlik, həm də Təhsil İdarələri tərəfindən tərbiyəçi-müəllim və metodistlərlə görüşlər, seminarlar təşkil edilib, onları maraqlandıran məqamlara aydınlıq gətirilib. Bununla yanaşı 2 dəfə mərkəzləşdirilmiş qaydada onlayn formada sınaqlar təşkil edilib. İştirakçılıq faizi yüksək olub. Diaqnostik qiymətləndirilmədən öncə canlı formada simulyativ sınaq da təşkil edilib. Canlı şəkildə keçirilən bu simulyativ sınaq diaqnostik qiymətləndirilmə formatında aparılıb. Bu isə namizədlərin diaqnostik qiymətləndirilməyə həm mənəvi-psixoloji, həm də texniki cəhədən hazırlıqlı olmasına müsbət təsir göstərəcək.
- İndiyədək keçirilən sınaqlardan bəhs etdiniz. Diaqnostikada iştirakı könüllülüyə əsaslanan şəxslər həmin sınaqlara qatılıblarmı?
- İşə yeni qəbul olunanların böyük əksəriyyəti sınaqlara qatılıb, amma analıq məzuniyyətində olanların, yaxud sosial məzuniyyət götürənlərin iştirakçılıq səviyyəsi işə yeni qəbul olunanlara nisbətən az olub.
Qiymətləndirilmə nəticələrinin əmək münasibətlərinə təsiri müzakirə mövzusu deyil
- Diaqnostik qiymətləndirilmənin doğurduğu narahatlıqlar da var. Göz önündə ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilmə təcrübəsi olmasına baxmayaraq, məktəbəqədər təhsil müəssisələrində çalışanlar yenə də narahatdır. Onların ən çox narahat olduqları məsələlər nələrdir?
- Qiymətləndirilmə zamanı pedaqoji heyət kompüter vasitəsilə sualları cavablandıracaq. İyun ayından etibarən kompüterdən istifadə üzrə bilgiləri zəif olan və buna görə narahatlıq keçirən tərbiyəçi-müəllim və metodistlərlə hazırlıqlar təşkil edilib.
Bəzi tərbiyəçi-müəllimlər elə düşünürlər ki, diaqnostik qiymətləndirilmə onların əmək münasibətlərinə təsir göstərəcək. Halbuki, təqdimatlarda və keçirilən görüşlərdə də bildirmişik ki, qiymətləndirilmə nəticələrinin hansısa formada əmək münasibətlərinə təsiri müzakirə mövzusu deyil.
“Namizədlər 4 istiqamət üzrə 60 suala cavab verəcəklər”
- Qiymətləndirilmə harada olacaq? Ölkənin hər yeri əhatə olunubmu? Proses necə olacaq?
- Qiymətləndirilmə bütün ölkəni əhatə etməklə - Naxçıvan Muxtar Respublikası, Bakı şəhəri və regionlarda olmaqla, 28 mərkəzdə təşkil olunacaq. Bütün mərkəzlərdə seanslar eyni vaxtda başlayıb, eyni vaxtda da bitəcək. 2 gün ərzində 4 seansda 3 dildə - Azərbaycan, rus və gürcü dillərində aparılacaq. Namizədlər bu sınaqda 4 istiqamət üzrə hazırlanmış 60 suala cavab verəcəklər. 120 dəqiqə ərzində məzmun və metodika, təhlükəsizlik, pedaqoji etika və əməkdaşlıq, özünüinkişaf mövzularını əhatə edən sualları cavablandıracaqlar. Qiymətləndirilmə zamanı hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir. Səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir. Ümumilikdə 60 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.
- Diaqnostik qiymətləndirilməsinə 1 gün qalan şəxslərə verə biləcəyiniz tövsiyə nə olar?
- Tövsiyəmiz budur ki, diaqnostik qiymətləndirilmə üçün təyin olunan vaxtda, təyin olunan yerdə olsunlar. Bütün namizədlərə uğurlar arzu edirik!
Tarix: 18-10-2024, 22:28