Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

“İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” - elmi sessiya





Oktyabrın 14-də AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin, Elm və Təhsil Nazirliyinin Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “İqlim dəyişikliyi və ekosistemlərin dayanıqlılığı: təhdidlər, çağırışlar, həllər” mövzusunda elmi sessiya öz işinə başlayıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, sessiyadan öncə “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunmuş sərgiyə baxış keçirilib.
Tədbiri açan akademik İsa Həbibbəyli BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un ölkəmizdə keçirilməsinin tarixi hadisə olduğunu deyib. Diqqətə çatdırıb ki, Azərbaycanın COP29-a ev sahibliyi etməsi dünya birliyinin Azərbaycana olan inamının ifadəsidir və bu inamı dövlətimizin başçısı həyata keçirdiyi qlobal miqyaslı siyasəti və nüfuzu ilə əldə edib.
Ötən müddət ərzində COP29-a hazırlıq çərçivəsində ölkəmizdə bir çox işlərin görüldüyünü vurğulayan akademik İsa Həbibbəyli Şamaxıda nümayəndə heyətlərinin rəhbərləri səviyyəsində qeyri-formal məsləhətləşmələrin keçirildiyini, həmçinin COP28, COP29 və COP30-un sədrləri qismində BƏƏ, Azərbaycan və Braziliya tərəfindən “İqlim Troykası”nın təsis edildiyini, alimlərin də iştirak etdiyi Bakı İqlim Fəaliyyəti Həftəsinin, eləcə də Pre-COP29 tədbirinin baş tutduğunu diqqətə çatdırıb. AMEA-nın rəhbəri ölkəmizin belə nüfuzlu tədbirə tam hazır olduğunu və yüksək səviyyədə keçiriləcəyini söyləyib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin şöbə müdiri riyaziyyat elmləri doktoru Mübariz Hacıbəyov çıxışında qlobal ekoloji problemin və iqlim dəyişmələrinin təbiətlə yanaşı, insanların gündəlik iqtisadi-sosial həyatına ciddi təsir etdiyini vurğulayıb. Şöbə müdiri AMEA və Elm və Təhsil Nazirliyinin müvafiq mövzularda birgə tədbirlər keçirməsinin təqdirəlayiq olduğunu bildirib: “Dünyamızı qorumalı və ekoloji təmizliyə riayət etməliyik. Bu istiqamətdə ekoloji maarifləndirmə işlərinin aparılması olduqca vacibdir”.
Daha sonra sessiyada AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru akademik İradə Hüseynovanın “Qlobal iqlim dəyişiklikləri dövründə davamlı inkişaf naminə qlobal və milli çağırışlar” mövzusunda məruzəsi dinlənilib. Akademik qeyd edib ki, qlobal istiləşmə, karbon emissiyasının artması, atmosferin, suyun və torpağın kəskin çirklənməsi, məişət və sənaye tullantılarının yüksək miqdarı, ekosistemlərin dayanıqsızlığı, səhralaşma, torpaqların deqradasiyası, yağıntıların paylanmasında dəyişikliklər, içməli və suvarma suları ilə təminatda problemlər, bioloji müxtəlifliyin azalması, növlərin itməsi canlı həyatın davamı üçün başlıca təhdidlər sırasındadır.
Akademik İradə Hüseynova çıxışında Azərbaycanda quraqlıq, habelə torpaqların eroziyası, bitki örtüyü sahələri ilə bağlı problemlərə toxunub.
Ərzaq təhlükəsizliyi barədə də danışan alim 1970-ci illərdə Ulu Öndərin dəstəyi ilə Azərbaycanda biologiya və ekologiya elmlərinin inkişafında görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin istiqamətverici rolunun xüsusilə diqqətəlayiq olduğunu, böyük alimin rəhbərliyi ilə aparılan tədqiqat işlərinin kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığının reallaşdırılmasının fizioloji-genetik əsaslarının öyrənilməsinə, biomüxtəlifliyin tədqiqi, qorunub saxlanılması və səmərəli istifadəsinə yönəldildiyini bildirib.
Akademik hazırda elmin qarşısında iqlim ssenarisi ilə bağlı proqnozların işlənib-hazırlanması, ölkənin təbii landşaftlarının, torpaq, su və yaşıl örtük resurslarının, atmosferin vəziyyətinin, element tərkibində baş verən dəyişikliklərin, çirklənmə dərəcəsinin, radiasiya fonunun daimi monitorinqinin aparılması kimi mühüm vəzifələr durduğunu söyləyib.
Plenar iclasdan sonra tədbir öz işini bölmələrdə məruzələrin dinlənilməsi ilə davam etdirib.
Qeyd edək ki, elmi sessiya oktyabrın 15-də başa çatacaq.


Tarix: 14-10-2024, 22:08

Xəbəri paylaş