Firudin Qurbanov Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbin kollektivi ilə görüşüb
Sentyabrın 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Yevlax rayonuna səfər edib. Nazir müavini əvvəlcə Yevlaxda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Firudin Qurbanov Yevlax şəhəri Tofiq İsmayılov adına Kövər kənd tam orta məktəbin inzibati binası ilə tanış olub, tədris prosesini izləyib, məktəbin pedaqoji və şagird kollektivi ilə görüşüb.
Nazir müavini ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə də görüşüb. O, məktəblərin idarə olunması və təşkili baxımından qarşıda duran hədəflər barədə danışıb, təhsil işçiləri ilə söhbət aparıb, onların təkliflərini dinləyib.
Daha sonra Firudin Qurbanov səfər çərçivəsində vətəndaş qəbulu keçirib. Vətəndaşların müraciətləri işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, dərs saatlarının artırılması və digər məsələlərlə bağlı olub.
Nazir müavini vətəndaşlar tərəfindən edilən hər bir müraciətin operativ araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib.
Tarix: 20-09-2024, 21:29