AzMİU ilə “QS” reytinq agentliyi əməkdaşlığa başlayır
Sentyabrın 17-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə “Quacquarelli Symonds” (“QS”) beynəlxalq reytinq agentliyi arasında qarşılıqlı əməkdaşlıq haqqında müqavilə imzalanıb.
Bu barədə AzMİU-dan məlumat verilib. İmzalanma mərasimində AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova bildirib ki, bu müqavilə universitetin beynəlxalq rəqabətliliyinin artırılmasına dəstək olacaq. AzMİU-nun əsas hədəfi elmin qabaqcıl nailiyyətlərinə, innovativ təhsil texnologiyalarına əsaslanaraq yeni nəsil rəqabətqabiliyyətli mütəxəssislərin hazırlanmasını təmin etməkdir. Rektor vurğulayıb ki, “QS” beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq əhəmiyyətli addımdır. Çünki bu əməkdaşlıq dövlətin ali təhsil sistemi sahəsində siyasəti ilə uzlaşır.
“QS” agentliyinin Şərqi Avropa və Orta Asiya üzrə regional direktoru Sergey Xristolyubov AzMİU-da qlobal rəqabətədavamlılığın artırılması, universitetin beynəlxalq reytinq sistemlərində irəliləməsi məsələlərinə xüsusi diqqət yetirildiyini bildirib.
Müqavilə əsasında AzMİU-nun qlobal rəqabətədavamlılığını artırmaq, universitetin beynəlxalq sahədə tanınmasını gücləndirmək və nüfuzunun artırılması məsələləri haqqında razılığa gəlinib. Sənədə uyğun olaraq, AzMİU akademik nüfuz, işəgötürənlər arasında reputasiya, nəşr fəallığı, beynəlmiləlləşdirilmə və onlayn mühitdə iştirak strategiyasının formalaşdırılması imkanını verən “QS” beynəlxalq reytinq agentliyinin özəl məlumatlarına və analitik informasiyasına da giriş əldə edəcək.
Tarix: 17-09-2024, 23:13