Emin Əmrullayev ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmr imzalayıb
Elm və təhsil naziri Emin Əmrullayev ümumi təhsil müəssisələrində 2024-2025-ci tədris ilinin təşkili barədə əmr imzalayıb.
Əmrdə qeyd olunur:
1. 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrinin II-XI siniflərində ilk dərs “Yaşıl dünya naminə həmrəylik” mövzusuna həsr olunsun.
2. Fənlərin tədrisi üzrə illik (perspektiv) plan hazırlanarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 1 avqust tarixli 371 nömrəli qərarının 1.1-ci yarımbəndi ilə müəyyən edilmiş tapşırıqlar nəzərə alınsın (payız tətilinin 2024-cü ilin 12-22 noyabr tarixlərini əhatə etməsi, təhsil proqramlarının tam mənimsənilməsi məqsədilə illik planda sadə və əlaqəli mövzuların birləşdirilməsi, bir sıra mövzuların müstəqil öyrənmə üçün ayrılması, ilboyu təkrar və ümumiləşdirilmələrə daha çox diqqətin ayrılması).
3. Naxçıvan Muxtar Repsublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, onun yerli bölmələri aşağıda qeyd olunan əlavə tədbirlər də əhatə olunmaqla Fəaliyyət Planı təsdiq edib icrasını ciddi nəzarətdə saxlasınlar:
3.1. 2023-2024-cü tədris ilində ayrı-ayrı fənlər üzrə proqram materiallarının mənimsənilməsindəki çatışmazlıqların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi;
3.2. Azərbaycan dilinin dövlət dili kimi tədrisinə, ibtidai təhsil səviyyəsində tədris dili və riyaziyyat fənlərinin tədrisinə nəzarətin gücləndirilməsi;
3.3. tabeliklərindəki ümumi təhsil müəssisələrində təhsilalanların illik qiymətləndirmələrinin, buraxılış imtahanlarının, IV və VI siniflərdə monitorinqlərin, beynəlxalq qiymətləndirmə nəticələrinin, fənn olimpiadalarının və müsabiqələrinin nəticələrinin məktəb pedaqoji şuralarında ətraflı müzakirəsinin aparılması, nəticəyə uyğun qərarların qəbul edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsinə nəzarətin gücləndirilməsi;
3.4. müvafiq təhsilalanların beynəlxalq qiymətləndirmə tədqiqatlarında (PISA, PIRLS, IELS) iştirakının təmin olunması;
3.5. ümumi təhsil müəssisələrində tərbiyə işinin gücləndirilməsi, təhsilalanların milli-mənəvi dəyərlər, azərbaycançılıq və vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində tədbirlərin davam etdirilməsi;
3.6. COP29 ilə bağlı aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə maarifləndirici görüşlərinin, müzakirələrin, “açıq dərs”lərin, seminarların, “dəyirmi masa”ların, intellektual müsabiqələrin, debatların və yarışların keçirilməsi;
3.7. təhsilalanların “COP29” və “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı layihələrə cəlb olunması;
3.8. təhsilalanların sağlamlığının, təhlükəsizliyinin təmin olunması, zərərli vərdişlərdən qorunması, sağlam həyat tərzinin formalaşdırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi istiqamətində valideynlərlə sıx əməkdaşlığın təmin edilməsi;
3.9. təhsilalanların dərslərə müntəzəm davamiyyətini nəzarətdə saxlamaqla davamiyyətin qeydiyyat və hesabatlılığının vaxtında və düzgün aparılmasının təmin edilməsi;
3.10. Elm və Təhsil Nazirliyi tərəfindən müəyyən edilmiş layihələrin (STEAM, Rəqəmsal bacarıqlar və s.) icrasına, “Zəfər tarixi”, “Ortaq türk tarixi”, “Mina təhlükəsinə dair maarifləndirmə” kurslarının təşkilinə diqqətin artırılması;
3.11. müvafiq ümumi təhsil müəssisələrində inklüziv təhsilin təşkilinin diqqətdə saxlanılması;
3.12. ümumi təhsil müəssisələrində texniki təchizat və internet bağlantısı yetərli olduğu təqdirdə IV-XI siniflərdə bütün fənlər (fiziki tərbiyə, təsviri incəsənət, musiqi, çağırışaqədərki hazırlıq, texnologiya istisna olmaqla) üzrə summativ qiymətləndirmələrin rəqəmsal formada (“Virtual məktəb” platformasında) təşkil olunması;
3.13. təhsilalanların və təhsilverənlərin video.edu.az, trims.edu.az və e-derslik.edu.az portallarında yerləşdirilmiş öyrədici materiallardan istifadəsinin təşviq edilməsi;
3.14. ümumi təhsil müəssisələrində icbari təhsildən kənarda qalan, risk və həssas qruplara daxil olan təhsilalanlarla işə nəzarətin gücləndirilməsi;
3.15. təhsilverənlərin sertifikatlaşdırılması prosesinin əhəmiyyəti ilə bağlı maarifləndirici görüşlərin keçirilməsi, həmçinin yeni işə qəbul edilmiş təhsilverələrin iş yerinə adaptasiyasının diqqətdə saxlanılması;
3.16. əmrin icrası ilə bağlı görülmüş işlər barədə 2024-cü ilin dekabr və 2025-ci ilin iyun aylarında təsdiqedici sənədlər (protokollar, fotoşəkillər, cədvəllər və s.) əlavə olunmaqla hesabatların Elm və Təhsil Nazirliyinə təqdim edilməsi.
Tarix: 8-09-2024, 14:50