Dünyanın nüfuzlu universitetlərinə qəbul olan tələbə və məzunlarla görüş
SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Dövlət Proqramı, “Erasmus Mundus Birgə Magistr Dərəcələri”, Macarıstanda Təhsil, Hökumətlərarası Təqaüd Proqramı, eləcə də mübadilə proqramı çərçivəsində dünyanın nüfuzlu universitetlərinə qəbul olan tələbə və məzunlarla görüşüb.
BANM-dən AZƏRTAC-a bildirilib ki, rektor xarici universitetlərdə təhsil almaq hüququ qazanan məzunları təbrik edib, onlara tövsiyələrini verib. Vurğulayıb ki, xaricdə təhsil almaq həm böyük məsuliyyət, həm də Azərbaycanın zəngin mədəniyyətini, tarixini və dəyərlərini beynəlxalq arenada tanıtmaq üçün böyük fürsətdir. Rektor məzunlara akademik mühitdə fəal və yeni biliklərə açıq olmalarını və özlərini daim təkmilləşdirmələrini tövsiyə edib.
Görüşdə iştirak edən Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, ölkəmizi xaricdə ən yaxşı şəkildə təmsil edəcəklərinə əminliyini ifadə edib.
Tarix: 30-08-2024, 16:00