II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri açıqlanıb: bir nəfər 400 bal toplayıb
Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları (o cümlədən I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçənlər üçün informatika fənni) üzrə iyulun 7-də keçirilmiş qəbul imtahanlarının nəticəsini elan edib.
DİM-dən bildirilib ki, imtahanda iştirak edən abituriyentlər nəticələri, cavab kartı və cavab vərəqinin qrafik təsvirləri, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə Mərkəzin saytında tanış ola bilərlər.
Abituriyentlər imtahanın nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə imtahana buraxılış vərəqəsində verilən kodu 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
İmtahanda iştirak etmək üçün ərizə təsdiq etmiş 38625 abituriyentdən (II qrup üzrə 17431 nəfər, III qrup üzrə 21194 nəfər) 966 nəfər (II qrup üzrə 568 nəfər, III qrup üzrə 398 nəfər) imtahanda iştirak etməyib. Abituriyentlərdən 8 nəfər qaydaları pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.
I ixtisas qrupu üzrə RK və Rİ altqruplarının hər ikisini seçən 8896 abituriyentdən 656 nəfər informatika fənni üzrə imtahana gəlməyib.
Bu imtahanda II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) 1 nəfər göstərib. İmtahanda 400 bal toplayan Xırdalan şəhər 2 nömrəli orta məktəbin məzunu Şəbnəm Ramin qızı Novruzova hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. Həmin abituriyent imtahanın birinci mərhələsində 300 bal toplamışdı.
Bu imtahanda III ixtisas qrupu üzrə ən yüksək nəticəni 388.0 bal toplayan Bakı şəhər 278 nömrəli orta məktəbin məzunu Aytac Əsgər qızı Məmmədova göstərib. O, imtahanın birinci mərhələsində 290.1 bal toplayıb. Hər iki mərhələnin cəminə görə III ixtisas qrupu üzrə ən yüksək nəticəni isə 687.2 bal toplayan Saatlı rayon Varxankənd kənd orta məktəbinin məzunu Leyla Abuzər qızı Səfərova göstərib. O, imtahanın birinci mərhələsində 300, ikinci mərhələsində isə 387.2 bal toplayıb.
Xatırladaq ki, imtahanın I mərhələsində maksimal olaraq 300, II mərhələsində isə 400 bal toplamaq mümkündür. Müsabiqə hər iki mərhələdə toplanılan balların cəminə görə aparılır.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM-də Apellyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək istəyənlər 22 iyul saat 10:00-dan 24 iyul saat 17:00 dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan Apellyasiya Komissiyasına müraciət edə bilməyəcəklər. Elektron ərizədə haqqında müraciət edilən tapşırığın nömrəsi seçilməli, onunla bağlı müraciətin məzmunu yazılmalı və meyarın hansı bəndinə uyğun hesab edildiyi göstərilməlidir. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir və həmin müraciət araşdırılmır. Apellyasiya prosesi aşağıdakı ardıcıllıqla aparılır:
• Apellyasiya Komissiyası tərəfindən haqqında müraciət olunan bütün işlər araşdırılır;
• İmtahan iştirakçılarının müraciət etdikləri tapşırıqlar üzrə ekspert rəyi (yazılı şəkildə) apellyasiya ərizələrinə əlavə edilir;
• İmtahan iştirakçılarının apellyasiya ərizələrində qeyd etdikləri telefon nömrəsinə apellyasiya prosesinin başa çatması ilə bağlı SMS göndərilir.
Bundan sonra abituriyentlər “apelyasiya.dim.gov.az” saytında ərizələrinə daxil olaraq apellyasiyanın nəticəsi ilə tanış ola və ekspert rəyini oradan çap edə bilərlər.
Cavab kartında təlimata uyğun olmayan formada qeyd olunmuş cavablar, o cümlədən cavabın optik qurğu tərəfindən səhv kimi nəzərə alınması ilə nəticələnən düzəlişlərlə (məsələn, qapalı sualda iki dairənin qaralanması və s.) bağlı müraciətlərə baxılmayacaq.
Apellyasiya Komissiyasına müraciət etməmişdən əvvəl abituriyentlər DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. Ötən imtahanların təcrübəsi göstərir ki, apellyasiya üçün ərizə yazanların təqribən 15 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. DİM imtahan iştirakçılarının nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Müsabiqə şərtlərini ödəyən abituriyentlər üçün ixtisas seçimi tarixləri haqqında əlavə məlumat veriləcək.
Tarix: 19-07-2024, 22:55