Aşqarlar Kimyası İnstitutunda ekoloji təhlükəsizliyə xidmət edən elmi tədqiqatlar genişləndirilir
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planına uyğun olaraq ekoloji maarifləndirmə seminarları davam etdirilir. 09 iyul 2024-cü il tarixində institutda “Yaşıl energetika və onun perspektivləri” mövzusunda növbəti seminar təşkil edilib.
Giriş nitqi ilə çıxış edən İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, qlobal ekoloji problemlərin həlli, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində çox ciddi dövlət əhəmiyyətli işlər aparılır. Alimlərimiz də elan olunan yaşıllaşdırma hərəkatına kömək göstərmək məqsədilə, öz tədqiqat sahələrinə uyğun fundamental və tətbiqyönlü elmi araşdırmalar aparmaqla öz töhfələrini verməyə çalışırlar.
Ə.Sucayev qeyd edib ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr etdiyimiz seminarların məqsədi də indiyə qədər yerinə yetirlimiş tədqiqatların nəticələrini müzakirə etmək və bundan sonra həmin tədqiqatların davamı olaraq perspektiv fəaliyyət istiqamətlərini müəyyənləşdirməkdir.
Sonra “Yanacaq kompozisiyaları” laboratoriyasının aparıcı elmi işçisi kimya üzrə fəlsəfə doktoru Lalə Mahmudova “Yaşıl energetika və onun perspektivləri” mövzusunda geniş təqdimatla çıxış edib.
O, qeyd edib ki, çalışdığı laboratoriyada aparılan elmi-tədqiqat işlərinin əsas istiqamətlərindən biri dizel yanacaqlarının setan ədədini artırmaq və onların istismarı zamanı tüstülənməni və zərərli qazların miqdarını azaltmaq məqsədilə bir sıra asetallar, ketallar və alkilfenollar əsasında metalsaxlayan birləşmələr sintezi və tədqiqini əhatə etmişdir. Onun tərəfindən sintez edilmiş birləşmələrin yanacaqların saxlanılması və
istismarı zamanı onlarda gedən proseslərə təsiri öyrənilmişdir.
L.Mahmudova onu da əlavə etmişdir ki, laboratoriyada aparılan elmi-tədqiqat işlərinin bir istiqaməti də biodizel yanacağı əsasında ekoloji təhlükəsiz, yüksək keyfiyyətli aşqar və yanacaq kompozisiyalarının yaradılması ilə bağlıdır: “Bu məqsədlə bitki yağlarının efirləşmə reaksiyası aparılır, alınmış qarışıq məhsulların tərkibinə heteroatomlar (N, S), qələvi metallar və müəyyən keyfiyyət göstəricilərinə malik funksional qruplar daxil edilır”. Onun sözlərinə görə, laboratoriyada inkişaf etdirilən bu elmi istiqamətlər ölkə iqtisadiyyatının bir sıra məsələlərinin səmərəli şəkildə həll edilməsinə və ətraf mühitin ekoloji təhlükəsizliyinin qorunmasına imkan verəcək.
Təqdimatla bağlı laboratoriya müdiri tex.e.d. Yulduz Ramazanova, aparıcı elmi işçi k.ü.f.d. Nüsrət Əliyev və digərləri öz fikirlərini bildirib, rəy və təkliflərini səsləndiriblər.
Tarix: 9-07-2024, 13:24