BMU-INHA ikili diplom proqramını başa vuran tələbələrin “Məzun günü” keçirilib
Bakı Mühəndislik Universiteti ilə Koreya Respublikasının INHA Universiteti arasında icra olunan ikili diplom proqramının (BMU-INHA IDP) ilk “Məzun günü” keçirilib.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması, Azərbaycanın və Koreyanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə çıxış edən rektor Yaqub Piriyev BMU-INHA IDP proqramının “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” əsasında icra olunduğunu bildirib. Qeyd edib ki, proqram çərçivəsində hazırda 385 tələb təhsil alır, 61 tələbə isə bu proqramdan ilk dəfə məzun olur. Proqramın Azərbaycanın təhsil sistemində yeni olmasına baxmayaraq BMU-nun tarixinə mühüm hadisə kimi düşdüyünü söyləyən rektor ilk dəfə xarici tərəfdaş universitetlə belə bir həcmdə layihə çərçivəsində əməkdaşlıq edildiyini, bunun nəticəsində professor-müəllim heyətinin nəzəri və praktiki biliklərinin təkmilləşdiyini deyib. Ali təhsil ocağının rəhbəri diqqətə çatdırıb ki, cari tədris ilinin əvvəlində proqram üzrə nəzərdə tutulmuş 123 nəfərlik qəbul kvotası ilk dəfə 100 faiz dolub, bu isə proqramın yaratdığı maraq və onun əhəmiyyətini aydın ifadə edir.
Yaqub Piriyev Koreyada təhsil alan tələbələrin yüksəkixtisaslı mühəndis kadrlar kimi işğaldan azad olunmuş ərazilərimizin yenidən qurulmasına töhfə verəcəklərinə ümidvar olduğunu söyləyib.
Tədbirdə elm və təhsil nazirinin müavini İdris İsayev ölkəmizdə təhsilə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb. Nazir müavini gənclərin nüfuzlu xarici universitetlərdə təhsil almaları üçün qəbul olunan dövlət proqramlarının əhəmiyyətini, yüksəkixtisaslı kadrların yetişməsində müsbət rolunu vurğulayıb. İdris İsayev ölkəmizdə müasir bilik və bacarıqlara malik kadrların əmək fəaliyyəti üçün əlverişli imkanların mövcud olduğunu əlavə edib. Nazir müavini məzun olan gənclərin nailiyyətlərini hər iki universitetin professor-müəllim heyətinin uğurları kimi xarakterizə edib. O, məzunları öz üzərlərində daim işləməyə, bilik və bacarıqlarını artırmağa çağırıb.
INHA Universitetinin rektoru Cho Myeong Voo isə çıxışında 2020-ci ildə BMU tələbələrini INHA-da qarşıladığı günü xatırlayıb, pandemiya dövrünün çətinliklərində təhsilinə davam edən tələbələrin əzminin, fədakarlığının nəticəsi olan məzun buraxılışı mərasimində xoş hisslər keçirdiyini dilə gətirib. “Məzun olmaq son deyil, yeni başlanğıcdır, yeni başlanğıclar çətin görünsə də, sonsuz imkanlar və nailiyyətlərin qazanılması üçün şansdır”, - deyən rektor gəncləri hər zaman yeniliklərin arxasınca getməyə, sonsuz imkanlara inanmağa səsləyib. Cho Myeong Voo BMU ilə əməkdaşlıq çərçivəsində INHA Universitetinin proqram məzunlarının 10 faizinə bu universitetin magistr proqramlarına qəbul olunduqları təqdirdə tam təqaüd ayıracağını, istedadlı tələbələrin inkişafı üçün kömək göstəriləcəyini bildirib.
Koreyanın Azərbaycandakı səfirliyinin əməkdaşı xanım You Kyoung Hvang məzunları təbrik edərək ikili diplom proqramını Koreya ilə Azərbaycanın təhsil sahəsində əlaqələrinin ən bariz nümunəsi adlandırıb. Səfirlik nümayəndəsi BMU-INHA IDP-yə bundan sonra neçə-neçə məzun buraxılışları həyata keçirən ən uğurlu təhsil əməkdaşlığı layihəsi kimi böyük ümidlər bəslənildiyini bildirib. Əlavə edib ki, proqramın məzunları Koreya ilə Azərbaycanın gələcəyə istiqamətlənmiş əlaqələrinin inkişafında böyük rol oynayacaqlar.
Çıxışlardan sonra 2023/2024-cü tədris ili məzunlarından ixtisas birincilərinə fəxri diplomlar təqdim olunub, eyni zamanda, proqramın digər məzunları mükafatlandırılıb.
Tədbir məzunların “papaq atma” mərasimi və onların ifasında Azərbaycan, həmçinin Koreya rəqslərinin nümayişi ilə başa çatıb.
Tarix: 9-07-2024, 00:20