Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri MEK-də olub
Bakıda səfərdə olan Türkiyənin “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri Orxan Kirman Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovla görüşüb.
MEK rəhbəri qonağı kitabxana ilə yaxından tanış edib.
“Dəyirmi masa” ətrafında davam edən görüşdə MEK-in direktoru, dosent Hüseyn Hüseynov texnologiyanın sürətlə inkişaf etdiyi müasir dünyada rəqəmsal transformasiyanın bir zərurətə çevrildiyini vurğulayıb, kitabxananın daxili idarə etməsində proseslərin rəqəmsallaşdırılmasının vacibliyindən danışıb. Direktor mədəni mirasımızı texnologiyaya birləşdirərək daha geniş kütləyə çatdırmaqda rəhbəri olduğu kitabxananın xüsusi rolunu qeyd edib.
Kitabxana sektoru üçün inkişaf etdirdikləri rəqəmsal kommunikasiya həlləri barəsində ətraflı məlumat verən “Kobikom telekommunikasiya” şirkətinin idarə heyətinin sədri Orxan Kirman təqdim etdikləri şəbəkənin sadəcə idarəetmə üçün nəzərdə tutulmuş alətlər toplusu deyil, rəqəmsal transformasiyanın bütün meyarlarını əhatə edən kompleks həll olduğunu bildirib. Qonaq qeyd edib ki, sözügedən şəbəkə həm də rutin və təkrarlanan işləri sisteməşdirməyə və avtomatlaşdırmağa imkan yaradaraq əməkdaşların iş səmərəliliyinin artmasına yardımçı olur.
Görüş zamanı qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb.
Tarix: 2-07-2024, 22:49