Vəfa Kazdal: Sevindirici haldır ki, ADA Beynəlxalq Təhsil Konfransı çox dinamik və populyar platformaya çevrilib
ADA Universitetində artıq VII ADA Beynəlxalq Təhsil Konfransı keçirilir. Sevindirici haldır ki, bu konfrans çox dinamik və populyar platformaya çevrilib. Tədbirdə təhsilimizdə mühüm, qlobal olan məsələləri müzakirə edir.
AZƏRTAC xəbər verir ki, bu sözləri ADA Universitetinin strategiya və inkişaf üzrə prorektoru Vəfa Kazdal jurnalistlərə müsahibəsində söyləyib. O bildirib ki, tədbir Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. “Eyni zamanda, “Regional İnkişaf” İctimai Birliyi və Dövlət İmtahan Mərkəzi tərəfdaşlarımızdır. Onlarla bizim uzunmüddətli əməkdaşlığımız mövcuddur. Bugünkü təhsil konfransı “Tədqiqat, təcrübə və siyasət vasitəsilə təhsildə ayrı-seçkiliyin aradan qaldırılması” mövzusuna həsr edilib. Konfransda inklüziv cəmiyyət, regionlarda bərabər təhsil hüquqları və hər bir vətəndaşın keyfiyyətli təhsilə çıxışı kimi prioritetlər vurğulanacaq. Buna nail olmaq üçün hansı mühüm addımlar, tədqiqatlar aparılması məsələləri də müzakirə olunacaq”, - deyə prorektor Vəfa Kazdal qeyd edib.
Tarix: 1-07-2024, 12:45