Elm və təhsil naziri “Son zəng” tədbirində
İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri şəhid Ramiz Qasımov adına 216 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində iştirak edib.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, müəllim və şagirdlər, şəhid ailələri də iştirak ediblər.
“Son zəng” tədbiri Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Emin Əmrullayev bu gün ölkə üzrə 4 mindən çox məktəbdə “Son zəng” tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Nazir “Böyük Qayıdış”la yenidən canlanan, müasir məktəblərin fəaliyyət göstərdiyi işğaldan azad edilmiş torpaqlarımızda da bir neçə gəncin məzun olduğunu vurğulayıb.
216 nömrəli məktəbdə daha çox hərbçi övladlarının təhsil aldığını vurğulayan nazir bu gün məzun olan şəhid, Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun qızı Gülanə Qasımlının timsalında bütün məzunları təbrik edib. Nazir gənclərə həyatlarının yeni qədəm qoyduqları bu mərhələsində uğurlar arzulayıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov da çıxışında məzunları təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.
Məktəbin direktoru Səidə Rəhimova çıxışında bildirib ki, bu il təhsil müəssisəsinin 43 şagirdi məzun olur.
Tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
Tarix: 14-06-2024, 15:15
Xəbəri paylaş