Rektor müharibəyə getdi, tələbə Qəhrəman oldu
Ötən əsrin 40-cı illərində Sovet İttifaqı kimi bir böyük imperiyanın tərkibində olan digər müttəfiq respublikalar kimi Azərbaycan üçün də İkinci Dünya müharibəsi başladı.
Müharibənin ilk günlərindən Azərbaycan müəllimlərinin 50 faizi orduya səfərbər olundu. Məktəb binalarının əksəriyyəti, xüsusən Bakıda hospitallara və müdafiə müəssisələrinə verildi. Məktəblər iki-üç növbəli iş rejiminə keçirildi. Ali məktəb və texnikum tələbələrinin yarıdan çoxu ordu sıralarına çağırıldı. İxtisaslı kadrların qısaldılmış proqramla hazırlanmasına başlanıldı, ali məktəblərdə təhsil müddəti azaldıldı. Ali məktəb tələbələrinin, yuxarı sinif şagirdlərinin hərbi-fiziki hazırlığı, tələbələrin kənd təsərrüfatı işlərində iştirakı kütləvi xarakter aldı.
1941-ci ildə məktəbləri pedaqoji kadrlarla təmin etmək məqsədilə Qazaxda, Qubada, Xankəndidə, Ağdamda ikiillik müəllimlər institutları, Cəlilabad və Laçında pedaqoji məktəblər açıldı. Ölkənin işğal edilmiş rayonlarından Azərbaycana köçürülmüş müəllimlər pedaqoji işə cəlb olundu. 1941-ci il iyul ayının 10-na qədər bütün idarə və müəssisələrdə özünümüdafiə dəstələri yaradıldı. Özünümüdafiə dəstələrinə yaşlılarla yanaşı, 12000 məktəbli də səfərbər edildi.
Rektor müharibəyə yollandı
Müharibə illərinə təsadüf edən 1940-1941-ci tədris ilində Azərbaycanda 16 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi ki, onlarda da 14,6 min tələbə təhsil alırdı. Onların 4500-ü qadın idi. Qısa bir vaxt ərzində Azərbaycanda milli mütəxəssislərin hazırlanması problemi həll edilmiş və mədəni inqilabın başlıca vəzifələrindən biri yetinə yetirilmişdi. 1941-ci ilin yanvarın 1-də respublikanın xalq təsərrüfatında artıq 20 min ali təhsilli mütəxəssis çalışırdı.
Lakin faşist Almaniyasının SSRİ-yə qarşı qəfil müharibəyə başlaması ali təhsilə öz təsirini göstərdi. Müharibənin birinci günü Bakı Dövlət Universitetinin rektoru C.A.Ələsgərov Qızıl Ordu sıralarına getdi. Universitetin 1940-1941-ci tədris ilindəki məzunları - təkcə oğlanlar deyil, həm də qızlar, bir çox tələbə və müəllim Vətənin müdafiəsinə qalxdılar. Bakıdan cəbhəyə yollanan ilk əsgər eşelonlarında universitetin 200-dən artıq tələbəsi vardı.
Cəbhəyə gedənlər arasında elmlər namizədləri, dosentlər, müəllimlər, aspirantlar, tələbələr və ali məktəblərin texniki heyət üzvləri var idi. Ali məktəblərin bir çox əməkdaşları müharibə dövründə qəhrəmanlıqlar göstərdilər.
Qəhrəman tələbələrimiz
Düşmənə qarşı döyüşlərdə igidliyinə görə Azərbaycan Pedaqoji İnstitutunun (ADPU) yetirmələri əfsanəvi partizan Mehdi Hüsenyzadə, Fariz Səfərov, fizika- riyaziyyat fakültəsinin 3-cü kursundan cəbhəyə getmiş Səlahəddin Kazımov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər. 1941-ci ilin dekabrında döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlığa görə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun tələbəsi İsrafil Məmmədova Sovet İttifaqı Qəhrəmanı adı verildi. Azərbaycan Sənaye İnstitutunun tələbəsi Pavel Klimov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü, neft kimyası fakültəsinin sabiq dekanı İ.Semyanistin Qırmızı Ulduz medalı ilə təltif olundu.
1941-1945-ci illər müharibəsində iştirak edən xalq maarifi işçilərindən biri də sonralar Azərbaycanın xalq maarifi komissarı (1952-ci il), xalq maarifi naziri (1962-ci il) təyin olunan akademik Mehdi Mehdizadə idi. M.Mehdizadə sonralar “Azərbaycanda sovet məktəbinin tarixinə dair xülasələr” monoqrafiyasında yazırdı: “Son dərəcədə çətin vəziyyətə baxmayaraq Azərbaycan ali təhsil müəssisələri müharibə dövründə qarşıya qoyulmuş məsul vəzifəni - cəbhə üçün, sənaye, nəqliyyat, kənd təsərrüfatı, xalq təsərrüfatının və mədəniyyətn digər sahələri üçün yüksəkixtisalı mütəxəssis hazırlığı işini dayandırmadan davam etdirirdi”.
Müharibə Azərbaycan məktəbinin işini xeyli çətinləşdirdi, böyük ziyan vurdu. Lakin müharibə məktəblərimizin fəaliyyətini dayandıra bilmədi. Azərbaycan məktəbləri böyük çətinlikləri aradan qaldıraraq, tədrisin təşkili və böyüyən gənc nəslin təlim-tərbiyəsi üzrə böyük təcrübə topladılar.
Müharibə respublikanın müəllim kadrlarının tərkibini dəyişdi. Bir çox təcrübəli pedaqoqlar cəbhədə idilər. Məktəblərdə bəzi fənlərin yalnız müəllimlər olmadığı üçün öyrənilmədiyi hallar var idi. Bu vəziyyətlə əlaqədar olaraq təhsil sahəsində bir sıra məcburi tədbirlərə əl atıldı-müəllimlərin dərs yükü artırıldı, paralel siniflərin birləşməsi aparıldı, müəllimlik fəaliyyəti üçün yeni kadrlar hazırlandı, təxliyə edilmiş müəllimlərdən geniş istifadə olunmasına başlanıldı.
Müharibə xalq maarifi üçün ciddi çətinliklər yaratdı
Bu illərdə ali məktəblərin fəaliyyətində də ciddi dəyişikliklər baş verdi. Ali məktəblərin elmi və tədris işini müharibə dövrünün tələblərinə uyğunlaşdırmaq üçün təcili tədbirlər görüldü. 1941-1942-ci tədris ilində V.İ.Lenin adına Pedaqoji İnstitut, K.Marks adına Xalq Təsərrüfatı İnstitutu və Qiyabi Pedaqoji İnstitut müvəqqəti olaraq Azərbaycan Dövlət Universiteti (ADU) ilə birləşdirildi. 1941-ci ilin dekabrında Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutu ADU-nun bədən tərbiyəsi fakültəsinə çevrildi.
Müharibə xalq maarifi üçün ciddi çətinliklər yaratdı. Müəllimlərin çoxu müharibəyə getmişdi. Məktəbləri pedaqoji kadrlarla təmin etmək üçün müharibə illərində ikiillik müəllimlər institutları açıldı. 1943-cü ildə Kirovabad (Gəncə) ikiillik Müəllimlər İnstitutunun bazasında H.Zərdabi adına Pedaqoji İnstitut yaradıldı.
Müharibənin ilk günlərindən qısaldılmış təhsil müddətli tədris planlarının tətbiqinə başlanıldı. Təhsil müddəti 5 il olan ali məktəblər üçün 3 il yarım, təhsil müddəti 4 il olan ali məktəblər üçün 3 il təhsil müddəti müəyyən edildi. Lakin 1942-1943-cü tədris ilindən universitetlərdə əvvəlki illərdəki kimi 5 illik təhsil müddəti bərpa olundu.
Universitetlər müharibə dövründə çox ciddi professor-müəllim ehtiyacı yaşayırdı. Onların bir çoxu müharibəyə, digər hissəsi istehsalata yollanmışdı. Müəllimlərdən bir çoxu əvəzçilik qaydası ilə 2 və hətta daha çox yerdə işləməli olurdu. Aspirantların çoxu müharibəyə getdi. Müharibənin ilk illərindən aspiranturalar bağlandı. Yalnız 1943-1944-cü tədris ilindən aspiranturalara qəbul bərpa olundu.
Müharibə dövrünün çətinliklərinə baxmayaraq ali məktəblərin əməkdaşları namizədlik və doktorluq dissertasiyaları üzərində işləyir və bir çoxları uğurla müdafiə edirdilər. Məsələn, müharibə dövründə ADU-nun Elmi Şurasında 13 doktorluq və 118 elmlər namizədi dissertasiyası, V.İ.Lenin adına APİ-də isə 3 doktorluq və 13 namizədlik dissertasiyaları müdafiə olundu.
Ali məktəblər böyük çətinliklər dövründə ölkəyə mümkün qədər daha çox yüksəkixtisaslı mütəxəssis hazırlamaq vəzifəsinin öhdəsindən müvəffəqiyyətlə gəldilər. S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti müharibə illərində 1750 mütəxəssis hazırladı. M.Əzizbəyov adına Sənaye İnstitutu bu dövrdə 1395 mühəndis buraxdı. Professor-müəllim heyəti tərəfindən müdafiə və xalq təsərrüfatı əhəmiyyətli 285 elmi iş yerinə yetirildi. Tibb İnstitutu 3305 həkim hazırladı. Onların əksəriyyəti cəbhələrdə hərbi xəstəxanalarda işləyirdi. Kənd Təsərrüfatı İnstitutu 550-dən çox mütəxəssis hazırladı.
Vətənpərvərlik hissi ən müqəddəsdir
Müharibə dövründə təhsil işçilərinin əsas diqqəti şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsinə yönəldilib. Azərbaycanın xalq şairi Səməd Vurğun “Ən yaxşı əsərləri uşaqlarımız üçün yaradaq” adlı məqaləsində yazırdı ki, “insan hissləri arasında vətənpərvərlik hissi ən müqəddəsdir. Bu, ən əhəmiyyətli, irəliləyişə və inkişafa təkan verən amillərdən biridir. Uşaq gənclik illərinə girdikdə onun mənsub olduğu xalq haqqında anlayış genişlənir. Bütün bu anlayışların düzgünlüyü bu və ya digər gəncin Vətən haqqında bildiyi məlumatlardan asılıdır. Vətən müharibəsi göstərdi ki, ən cəsur insanlar mənəvi cəhətdən inkişaf etmiş insanlardır, Vətənin maraqlarını öz şəxsi maraqlarından üstün tutan insanlardır”.
Azərbaycan şagirdləri müharibə illərində cəbhəçilərə minlərlə paket göndəriblər. Şuşa yeddiillik məktəbin şagirdləri 1942-ci ildə yeni il ərəfəsində əsgərlərimizə 20 paket yollayıblar. Bakıdakı 134 nömrəli məktəbin şagirdləri əsgərlərə göndərdikləri məktubda yazırdılar: “Əziz əsgər! Biz bütün sinif olaraq inanırıq ki, tezliklə qalib gələcəyik. Başqa cür də ola bilməz...”.
Azərbaycan elminin gücü
1418 günlük müharibədə Azərbaycan elmi də qələbə üçün səfərbər olundu. Bu dövrdə elmi müəssisələrinin bütün fəaliyyəti cəbhənin ehtiyaclarının təmin olunmasına yönəldildi. Müharibədə Azərbaycan elmi də öz gücünü göstərib.
Qələbədə əvəzsiz xidmətləri olan akademik Yusif Məmmədəliyev və aspirantı Əli Quliyev bu dövrdə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində yeni kəşflər ediblər. Akademik Yusif Məmmədəliyevin 1941-1945-ci illər müharibəsi dövründə rəhbərliyi ilə neft kimyası və neft emalının vacib proseslərindən olan alkilləşmə sahəsində misilsiz nailiyyətlər əldə edilib və yeni kəşflərə imza atılıb. Nəticədə onun üsulu ilə yüksək çıxımla alınan və strateji əhəmiyyətli məhsullar olan alkilaromatik birləşmələr cəbhənin məqsədləri üçün geniş istifadə olunub, həmçinin “Molotov kokteyli” yeni tərkibdə işlənib hazırlanıb. Top mərmilərinin və minaların hazırlanmasında ən çox istifadə olunan trinitrotoluol (trotil) partlayıcı maddəsinin əsas komponenti olan toluolun yüksək çıxımla alınması, təyyarələrin yüksək uçuşunu təmin edə bilən yüksəkoktanlı və çox aşağı donma temperaturuna malik yanacaqların hazırlanması onun adı ilə birbaşa bağlıdır. Alimin elmi ixtiralarına əsasən, 1941-1944-cü illərdə Bakı neftayıranları cəbhəyə milyon tonlarla yüksək keyfiyyətli benzin veriblər. Görkəmli akademikin Azərbaycan nefti əsasında aldığı yüksək keyfiyyətli, oktan ədədi 120-yə bərabər olan, aşağı donma temperaturuna malik bu qiymətli yanacaq İkinci Dünya müharibəsində aviasiya yanacağı kimi də istifadə olunaraq qələbəyə birbaşa yol açıb. Y.Məmmədəliyev bu rəşadətlərinə görə bir çox təltiflərə, o cümlədən Dövlət mükafatına layiq görülüb.
Beləliklə də müharibə illərində Azərbaycan təhsili, müəllimi özünün şərəfli missiyasına sadiq qalaraq gənc nəslin təlim-tərbiyəsi prosesinin fasiləsizliyinin təmin olunmasına, pedaqoji kadr hazırlığının davam etdirilməsinə, Azərbaycanın görkəmli alimləri isə öz bilik və təcrübələri ilə düşmən üzərində qələbənin qazanılmasına böyük töhfələr veriblər.
Oruc MUSTAFAYEV
www.muallim.edu.az
Tarix: 9-05-2024, 15:32