Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək
Türkiyədəki səfirliyimizin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Türkiyənin Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Güran ilə təhsil sahəsində ikitərəfli əməkdaşlığı müzakirə edib.
AZƏRTAC xəbər verir ki, rektor Mehmet Cahit Güran Azərbaycanla əlaqələrə xüsusi əhəmiyyət verdiklərini, dövlətlərimiz arasında yüksək səviyyəli əməkdaşlıq olduğunu qeyd edərək, daim birgə layihələrə və əməkdaşlığa açıq olduqlarını vurğulayıb.
Samir Abbasov dövlət başçılarımızın əməkdaşlığa dair imzaladıqları razılaşmaların icrasını təmin etmək, Azərbaycan milli mədəniyyətinin təbliği, Türkiyə universitetləri arasında xüsusi nüfuza malik Hacettepe Universiteti ilə Azərbaycanın təhsil ocaqları arasında əlaqələrin genişləndirilməsinin vacib olduğunu qeyd edib.
O, Hacettepe Universitetinin təhsil və elm sahəsində mühüm nailiyyətlər əldə etdiyini, universitetin qurulmasında məşhur alim, elm xadimi, Azərbaycan üçün də önəmli bir şəxs - İhsan Doğramacının xidmətlərini qeyd edərək, Hacettepe Universiteti ilə Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin təbliği istiqamətində daim birgə tədbirlərin, layihələrin həyata keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan Mədəniyyət Mərkəzi üçün Hacettepe Universitetində bir geniş auditoriyanın ayrılması, burada Azərbaycan ocağının yaradılması, Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatına dair stendlər, Ulu Öndər Heydər Əliyev, Türkiyənin doqquzuncu Prezidenti Süleyman Dəmirəl və məşhur alim İhsan Doğramacı dostluğu, Azərbaycan – Türkiyə qardaşlığına dair guşələr, kitabxananın təşkil edilməsi barədə razılıq əldə edilib.
Hacettepe Universitetinin rektoru professor Mehmet Cahit Gürana İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhəri haqqında kitab hədiyyə edilib.
Tarix: 9-05-2024, 15:25