"Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri”
Azərbaycan Texnologiya Universitetinin (ATU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr edilmiş "Dördüncü Sənaye İnqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” adlı Beynəlxalq elmi-praktik konfrans keçirilib. Tədbirdən əvvəl konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin Heydər Əliyev Mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açıq elan edilib.
ATU-nun rektoru v.m.i.e. dos. Yaşar Ömərov konfransda giriş sözü ilə çıxış edib, mövzunun aktuallığına diqqət çəkərək bildirib ki, Dördüncü Sənaye İnqilabı ilə ayaqlaşmaq, biliyə və süni intellektə əsaslanan informasiya cəmiyyətinin formalaşdırılması, eləcə də insan kapitalına investisiya qoyuluşu dövlətimizin strateji hədəflərindəndir və bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edir. Odur ki, 15 ölkənin elm adamlarının bir araya gəldiyi bu konfrans elmi platforma kimi olduqca əhəmiyyətlidir.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev, Azərbaycan Texniki Universitetinin rektoru, prof. Vilayət Vəliyev, AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AR Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun Baş direktoru, AMEA-nın müxbir üzvü prof. İslam Mustafayev, Macarıstanın Sopron Universitetinin rektoru prof. Fabian Atilla, Polşanın Varşava Ekologiya və Menecment Universitetinin rektoru prof. Yanuş Mroviç, Ankara Hacı Bayram Veli Universitetinin prorektoru prof. Metin Orbay, Rumıniyanın “Gheorghe Asachi” İasi Texniki Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru prof. İrina Lungu və Azər Maya İstehsal QSC-nin direktoru Elvin Əliyev çıxış edərək konfransın işinə uğurlar arzu ediblər.
Daha sonra Türkiyənin Atatürk Universitetinin dosenti İlhan Volkan Önerin “Tullantıların alternativ enerjinin alınmasında tətbiqi”, Bolu Abant İzzet Baysal Universitetinin professoru Himmet Karadalın “Türk dünyasında innovasiyaların və sahibkarlığın inkişafı”, İspaniyanın Qranada Universitetinin Genetika kafedrasının professoru Federiko Zurita Martinezin “CRISPR-Cas9. İnsan xəstəliklərinin müalicəsi üçün molekulyar qayçı”, ATU-nun Ümumi və tətbiqi fizika kafedrasının müdiri professor Məntiq Cəfərovun “Elm, texnologiya və innovasiya üçbucağı davamlı inkişafın hərəkətverici qüvvəsi kimi”, ATU-nun doktorantı Kamran Qasımovun “Müasir dünyada süni intellektin rolu” başlıqlı məruzələri dinlənilib.
2 günlük beynəlxalq konfrans öz işini 11 istiqamət üzrə bölmələrdə davam etdirib. Konfransa 15 ölkə olmaqla 68 xarici, 15 yerli universitet, 10 elmi-tədqiqat institutu, 5 dövlət qurumu qatılıb, məcmuələr toplusuna 562 məqalə daxil olub ki, onların 19%-i xarici ölkələrin payına düşür.
Tarix: 9-05-2024, 15:21