Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi


ADA Universiteti yarandığı gündən təkcə vəzifəsini yerinə yetirmək deyil, həmçinin xalqa xidmət etmək məramı ilə fəaliyyət göstərir. 2006-cı ildə Xarici İşlər Nazirliyinin nəzdində Azərbaycan Diplomatik Akademiyası kimi təsis edilmiş, səkkiz il sonra universitet statusu almış ADA bu gün ölkəmizin nəinki təhsil mühitində, həmçinin ictimai-siyasi həyatında mühüm yer tutur. Bütün bunlar universitetin rektoru səfir Hafiz Paşayevin gərgin əməyi və ADA-nın kollektivinin bir komanda olaraq çalışması sayəsində reallaşıb.
AZƏRTAC ADA Universitetinin uğurlu fəaliyyətinə bir daha nəzər salır.
Beynəlxalq standartlar əsasında hazırlanan təhsil proqramları
Mir Cəlal ocağının layiqli nümayəndələrindən biri olan Hafiz müəllim mənsub olduğu soy-kökün parlaq ənənələrini bu gün layiqincə yaşatmaqdadır. Bu ənənələr xalqa xidmət etmək məramından qaynaqlanır. 2006-cı ildə Azərbaycan Diplomatik Akademiyasının yaradılmasında da məqsəd xalqa xidmət etmək, Azərbaycanı beynəlxalq məkanda təmsil edəcək peşəkar kadrlar yetişdirmək idi. Həmin vaxtdan bu təhsil ocağının fəaliyyət istiqamətləri zaman-zaman genişlənir, tədris prosesi beynəlxalq təhsil standartlarını əhatə edir, dövrün tələblərinə cavab verən ixtisaslar diqqətdə saxlanılır. Bu səbəbdəndir ki, ona Universitet statusu verildi. Hazırda ADA Universitetinin İnformasiya texnologiyaları və mühəndislik, Biznes, İctimai və beynəlxalq münasibətlər, Hüquq, Kənd təsərrüfatı və qida elmi, Dizayn və memarlıq fakültələrində tədris edilən ixtisaslar ən müasir və beynəlxalq tədris proqramlarını əhatə edir. Eləcə də magistratura səviyyəsində tədris edilən Diplomatiya və beynəlxalq münasibətlər, Dövlət və ictimai münasibətlər, Təhsilin idarə edilməsi, Təlim və tədrisin təşkili və metodikası, Biznesin idarəedilməsi, Maliyyədə biznesin idarəedilməsi, İnsan resurslarının idarə edilməsi, Kompüter elmləri və data analitikası, Elektrik və energetika mühəndisliyi, Kompüter mühəndisliyi və yüksək performanslı hesablamalar, habelə İtaliya-Azərbaycan Universitetində tədris edilən Qlobal idarəetmə və siyasət, Kənd təsərrüfatı və qida sistemlərinin idarəedilməsi proqramları üzrə aparılan tədris bu təhsil ocağının ölkə üçün kadr yetişdirilməsi işinə mühüm töhfələrdir.
ADA müəlliminin vəzifəsi təkcə dərs saatları ilə bitmir, o, bu vəzifəni yaşayır
Rektor Hafiz Paşayev qurub-yaratdığı və rəhbərlik etdiyi ADA Universitetində hesabatlılıq və şəffaflıq mühit formalaşdırıb. Burada hər bir işçi istedadı və bacarığına görə seçilir, öz peşəkarlığını ən yüksək səviyyədə həyata keçirmək üçün ruhlandırılır. İnsanlara inanaraq onlara etibar etmək, cəsarətlə irəliləməyə təşviq edərkən onların yollarında olan maneələri və çətinlikləri aradan qaldırmaq - bütün bunlar Hafiz müəllimin xarakterini əks etdirən liderlik xüsusiyyətlərindəndir. O, tabeliyində olan şəxslərin layihələrini uğur hekayələrinə çevirmələrinə yardımını əsirgəmir.
Təvazökar və sadə insan olan Hafiz müəllim tələbə və işçilərlə birgə nahar edir, onlarla danışmağı, uğurlarını və qayğılarını dinləməyi xoşlayır. O deyir ki, biz, ölkəmizin gələcəyinin bu günün sinif otağında qurulduğunu dərk edirik: “Buna görə də tələbələrlə işlərimizdə addımlarımızı məhz Azərbaycanın gələcəyini düşünərək atırıq. Yüzlərlə gəncin qarşısına çıxan müəllim tək sahəsi üzrə biliyi deyil, həm də şərəf və ləyaqəti, ali tutduğu dəyərləri, sadiq qaldığı prinsipləri, davranış tərzi, tələbələrə yanaşması və qayğıkeşliyi, Vətənə xidmət ehtirası və maarifçiliyi, elm və tətbiqdə yenilikçi ruhuna görə nümunə olmalıdır. ADA müəlliminin vəzifəsi tək sinif otağında dərs saatları ilə bitmir. O, bu vəzifəni yaşayır. Çünki ADA müəllimi tək mütəxəssis yetişdirmir. O, ən başlıcası, insan və vətəndaş yetişdirir”.
Universitetdə “Açıq qapı” siyasəti problemlərin vaxtında həllinə, rəylərin məqamında alınmasına dəyərli töhfə verir. Hafiz müəllim səbirlidir, müsahiblərini anlayışla dinləyir.
Rektor Hafiz Paşayev həqiqi bir alim kimi tədqiqat və təlimin əsl dəyərini yaxşı bilir. Universitetin prorektoru Fariz İsmayılzadə bu barədə deyir: “Bizim Universitetdə prioritetlərdən biri peşəkarlığın inkişafının təşviqinə vəsait ayrılmasıdır. Məsələn, ADA müəllim heyətinin imkanlarının artırılması naminə həm fərdi tədqiqatlar, həm də beynəlxalq potensial inkişaf proqramları və təlimlər həyata keçirilir. Tədqiqat işlərinə əksər hallarda özü rəhbərlik edir”.
ADA Universitetinin rektoru hər zaman innovasiya, yeni fikirlər, dəyişiklik və inkişaf axtarışındadır. Daim qurmaq və yaratmaq istəyir. Onun yeni proqramlar, şöbələr, tədqiqat mərkəzləri və hətta ADA nəzdindəki orta məktəbə dair uzaqgörənliyi Universitetin strategiyasını gözəl müəyyənləşdirir. Ən çətin vəziyyətlərdə belə ümidini itirmir, həmişə məğrur və qətiyyətlidir.
Hafiz müəllimin simasında alim, pedaqoq, diplomat və rəhbər şəxs kimi xüsusiyyətlər bir insan kimi sadəliyi, səmimiyyəti, təvazökarlığı, yüksək mədəniyyəti və əsl ziyalılığı ilə üzvi şəkildə birləşib. Yüksək təşkilatçılıq qabiliyyəti, novatorluğu, yeniliklərə və təşəbbüslərə açıq olması ona həmişə hörmət, ehtiram və nüfuz qazandırıb.
Qlobal problemlərin müzakirə edildiyi beyin mərkəzi
ADA Universiteti 2021-ci ildə “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq”, 2022-ci il də “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq”, “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda beynəlxalq konfranslara, 2023-cü ildə “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumuna, “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq foruma ev sahibliyi edib. Bu tədbirlərin hamısında Prezident İlham Əliyev çıxış edib, çoxsaylı sualları cavablandırıb. Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin, analitiklərin, beynəlxalq ekspertlərin iştirak etdikləri bu tədbirlər regionda baş verən hadisələrin müzakirəsi üçün önəmli platforma olmaqla, postmüharibə dövründə sülh quruculuğu və yenidənqurma işlərinə xüsusi diqqət yetirib.
Xatırladaq ki, 2022-ci il martın 1-də ADA Universiteti İnkişaf və Diplomatiya İnstitutunu təsis edib. İnstitut dövlət siyasətinin araşdırılması və təhlilində, intellektual müzakirələrin təmin edilməsində, istedadlı kadrların yetişdirilməsində və beynəlxalq təbliğatın aparılmasında regional mərkəz rolunu oynayır.
“Bir müəllimin manifesti” ənənəsi
Prezident İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 3 noyabr tarixli Sərəncamı ölkəmizdə təhsil ənənələrinə dövlət səviyyəsində diqqətin bariz nümunələrindən biridir. ADA Universitetinin 2021-ci ildə Seminariyanın tarixi binasının bərpası, eləcə də “Bir müəllimin manifesti” təhsil proqramına başlaması, bu proqramın Qazaxda, ADA Universitetində və Universitetin ABŞ-dakı Mərkəzinin yerləşdiyi Vaşinqtonda reallaşdırılması təhsil tariximizin qürurverici səhifələridir. Xatırladaq ki, ötən il yanvarın 26-da Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
ADA Universitetinin təşəbbüsü ilə “Azərbaycan” qəzeti və “Vətən dili” dərsliyinin, eləcə də “Azərbaycan” yazıları” seriyasından “Ömər Faiq Nemanzadə” kitabının latın qrafikasında nəşr edilərək ictimaiyyətə təqdim edilməsi ölkəmizin ictimai-siyasi və təhsil həyatında tarixən mövcud olmuş ən gözəl xüsusiyyətlərin yeni nəsillərə çatdırılması baxımından ADA-nın həyata keçirdiyi dəyərli layihələrdəndir.
Beləliklə, rektor Hafiz Paşayevin rəhbərliyi ilə ADA Universitetinin kollektivinin öz iş prinsipində əsas götürdüyü akademik keyfiyyət və azadlıq, hesabatlılıq və birgə idarəetmə, şərəf, dürüstlük və şəffaflıq, müxtəliflik, əməkdaşlıq və ünsiyyət, sosial məsuliyyət kimi dəyərlər bu təhsil ocağının fəaliyyətinin bütün istiqamətlərində onun uğurunu təmin edir.


Tarix: 6-05-2024, 21:13

Xəbəri paylaş