Emin Əmrullayev: "Öz fənnini bilməyən adamın məktəbdə, tədris prosesində işi olmamalıdır"
"Öz fənnini bilməyən adamın məktəbdə, tədris prosesində işi olmamalıdır".
"Azərbaycan müəllimi" xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev REAL TV-yə müsahibəsində deyib.
O bildirib ki, burada güzəştdən, mərhəmətdən, başqa alternativ yol tapmaqdan söz gedə bilməz: "Biz bu mübahisəni axıra qədər etməyə hazırıq. Bəzən bu məsələdə sanki müəllimləri nüfuzdan salırmışıq kimi fikirlər irəli sürülür. Əksinə, bu işin mahiyyəti ondan ibarətdir ki, minlərlə, on minlərlə müəllimimiz daha artıq əməkhaqqı alaraq daha yaxşı həyat yaşasın. İkincisi, sertifikatlaşdırma bu peşənin nüfuzunu qaldırmaq baxımından önəmlidir ki, təsadüfən o peşəyə gəlmiş adamlar müəllim adını daşımasınlar. Bizim müəllim adını şərəflə daşıyan, öz işini layiqincə yerinə yetirən şəxslərlə heç bir problemimiz yoxdur. Lakin hazırlığı olmadan şagirdin qarşısına çıxaraq onun gələcəyini əlindən alanlarla problemimiz var. Bir ibtidai sinif müəllimi orta hesabla hər 4 ildən bir 20 şagird hazırlayır. Həmin adam 20 illik fəaliyyəti dövründə 5 sinif təhvil verirsə, bu, 100 uşaq deməkdir. 1000 belə adam 100 min adamı hazırlayır. 100 min uşağa biz keyfiyyətli müəllim verə bilmiriksə, deməli, onların hüququnu pozur, gələcəyini əllərindən alırıq. Buna etiraz edənlərin də bu mənada heç bir haqqı yoxdur. Buna görə biz bu məsələdə israrlıyıq və hesab edirik ki, etdiyimiz də düzgündür".
Tarix: 6-05-2024, 21:09