"GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinin qalibləri
Azərbaycan Texnologiya Universitetində təşkil edilən "GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsində respublikanın 17 universitetindən 60 komanda iştirak edib. Yarışın qalibləri 11 universitetin tələbələridir.
Yarışda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU), Xəzər Universiteti və Azərbaycan Texniki Universiteti (AzTU) tələbələrinin birgə ərsəyə gətirdiyi “Sand cleaner”, Azərbaycan Texnologiya Universiteti (ATU) tələbələrinin “İnno way”, Bakı Ali Neft Məktəbi (BANM) tələbələrinin “Ekoloji cəhətdən təmiz innovasiya: Pet”, Mingəçevir Dövlət Universiteti (MDU) tələbələrinin “Bio clean”, Milli Aviasiya Akademiyası (MAA) tələbələrinin “Ağıllı yanğın aşkarlama və müdaxilə” layihələri yarışda I yerə layiq görülüb.
II yerin qalibləri “Wine robot” layihəsi ilə Gəncə Dövlət Universitetinin (GDU), “Eco green” layihəsi ilə Xəzər Universitetinin, “Təbii sərvətlərin səmərəli istifadəsi və Qarabağın dirçəlişi layihəsi ilə” AzTU-nun, “Agrobot” layihəsi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU), “e-yerli.az” layihəsi ilə Bakı Biznes Universitetinin (BBU) tələbələri olub.
III yerdə isə Qərbi Kaspi Universiteti tələbələrinin “Aguaponics”, Xəzər Universiteti tələbələrinin “Ecoway”, ADNSU, AzTU və Xəzər Universiteti tələbələrinin birgə hazırladığı “Agro helper”, MAA tələbələrinin “Radioaktiv mühitin təyini” startapları qərarlaşıb.
Tarix: 2-05-2024, 22:59