“Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Martın 4-də "Kod saatı" qlobal hərəkatı çərçivəsində “Kod saatı: rəqəmsal gələcəyə addım 2023” müsabiqəsinin qalibləri mükafatlandırılıblar. Müsabiqə Elm və Təhsil Nazirliyi ilə “Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbi tərəfindən V-IX sinif şagirdləri üçün təşkil edilib.
Tədbir Dövlət Himninin səsləndirilməsi və vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Daha sonra “Kodlaşdırma üzrə açıq qapı günləri” və “Rəqəmsal gələcəyə addım” müsabiqələri ilə bağlı hesabat xarakterli videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli bildirib ki, "Kod saatı: rəqəmsal gələcəyə addım" şagirdlərimizin proqramlaşdırma bacarıqlarının müsabiqə əsasında yoxlanılması üçün ən böyük platformadır. Artıq 50-dən çox şəhər və rayon üzrə məktəblərdə tədris olunan "Rəqəmsal bacarıqlar" layihəsindən söz açan nazir müavini qeyd edib ki, layihə çərçivəsində 400 mindən çox şagird ən qabaqcıl bacarıqlara, səriştələrə yiyələnir.
“Alqoritmika” beynəlxalq riyaziyyat və proqramlaşdırma məktəbinin təsisçisi Andrey Lobanov isə gənc proqramçıları maraqlı gələcəyin gözlədiyini diqqətə çatdırıb.
Bildirilib ki, 2023–2024-cü tədris ilində həyata keçirilən “Kod saatı: rəqəmsal gələcəyə addım 2023" müsabiqəsinə 5-9-cu siniflər üzrə 28 157 şagird qoşulub. II mərhələyə keçən 4 min şagirddən 132 nəfəri finala vəsiqə qazanıb. Onlardan 62 nəfəri Bakı şəhərində, 70 nəfəri isə digər rayon və şəhərlərdə yerləşən məktəblərin şagirdidir.
2 kateqoriya üzrə keçirilən müsabiqədə 2 komanda III, 2 komanda II, 2 komanda isə I yerə layiq görülüb. Müsabiqə qaliblərinə mükafatlar təqdim olunub.
Qeyd edək ki, respublika üzrə proqramlaşdırma müsabiqəsinin keçirilməsində məqsəd məktəblilər arasında kompüter elmlərini, proqramlaşdırmanı təbliğ etmək və gənc nəslin bu sahəyə marağını artırmaqdır.
Tarix: 4-03-2024, 19:54