Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil sahəsində inteqrasiyanın rolu




Elm və Təhsil Nazirliyi bu sahədə təşəbbüslərə və irəliyə doğru addım atmağa dəstək olacaq
Müasir universitet modeli necə olmalı, hansı inkişaf xüsusiyyətlərinə malik olmalıdır? Dövrün çağırışlarına necə cavab verməlidir? Bundan ötrü ölkənin  rəqabətqabiliyyətliliyinin gücləndirilməsi işinə töhfə verməyi özünə hədəf seçən elm və təhsil sahəsi hansı addımları atmalıdır?
 
AMEA-nın ötən həftə keçirilmiş iclasında  elm və təhsil naziri Emin Əmrullayevin çıxışında bu suallara cavab tapmaq olar. Əslində çıxışda elm və təhsil ictimaiyyətinə verilən mesajlar aktual, bir o qədər də düşündürücüdür. Biz elmi inkişafın hansı mərhələsindəyik? Elm və təhsili bir arada inkişaf etdirə, bu sahələrin canlı inteqrasiyasına nail ola və bundan ötrü zəruri təməllər yarada bilirikmi?
 
Konsolidasiya və rasionallaşdırma
 
Nazir Emin Əmrullayev çıxışında Azərbaycanda elmin təşkilindən danışanda  xüsusən mühüm məsələlərdən biri kimi konsolidasiya və rasionallaşdırma  məsələsinə diqqət yetirib və qeyd edib ki, bu sahədə artıq bir neçə addım atılıb: “Rasionallaşdırma və ya  konsolidasiya deyəndə, bəzən, təəssüflər olsun ki,  nəyisə birləşdirmək və ya ləğv etmək kimi başa düşülür. Ancaq söhbət elmi məhsulun konsolidasiyasından gedir. Biz qəbul etməliyik ki, Azərbaycan elminin dünyada görünməməsinin əsas səbəblərindən biri onun çox kiçik hissələrə bölünməsidir. Bu mənada bizim həm elm, həm də ali təhsil sahəsində təşəbbüslərdən biri konsolidasiya təşəbbüslərimiz davam etməlidir”.
 
E.Əmrullayev bu təşəbbüsün ən əyani nümunəsi kimi,  ötən ildən başlayaraq  bir neçə ali təhsil müəssisəsi ilə elmi-tədqiqat institutları arasında müqavilələrin imzalanmasını göstərib: “Bizim əsas məqsədimiz ölkəmizə məxsus elmi birləşdirmək və onu daha düzgün inteqrasiya etməkdir. Elm fərdi şəxslərə mənsub ola bilməz. Biz istəyiriksə, elmimiz dünyada görünsün, daxili əməkdaşlığı və konsolidasiyanı  bir az da güclədirməliyik. Elm əməkdaşlıq sevən bir sahədir. Əməkdaşlıq olmadan elm yoxdur. Elm və Təhsil Nazirliyi bu sahədə də təşəbbüslərə və irəliyə doğru addım atmağa dəstək olacaq”.
 
Elm sahəsində yeni maliyyələşmə
 
Qeyd olunub ki, mühüm məsələlərdən biri maliyyədir: “Biz elm sahəsində yeni maliyyələşmə, adambaşına maliyyələşmə sisteminə keçirik. Əsas odur ki, dəyişiklik baş verir, bu dəyişikliyə uyğun olaraq da ali təhsil sistemi fərqli bir istiqamətdə inkişaf edir”. 
 
Nazir xüsusi olaraq vurğulayıb ki, adambaşına maliyyələşmə mexanizmləri nəticəsində 2012-ci illərə nisbətən ali təhsil müəssisələrində təhsilalanların sayı artıb: “Bu, şübhəsiz ki, maliyyənin artması ilə bağlıdır. Bu, həm də o deməkdir ki, ali məktəbin nə qədər çox tələbəsi varsa, bir o qədər büdcəsi var. Eyni zamanda bu, rəqabətliliyə gətirib çıxarır”.
 
Elmi bazalara çıxış
 
Elmin rəqabətliliyi mövzusundan danışarkən nazir qeyd edib ki,  bu istiqamətdə görülən ən mühüm işlərdən biri Azərbaycanda bütün elmi müəssisələrin, o cümlədən ali təhsil müəssisələrinin “Scopus” və “Wef of Sciense” məlumat bazalarına çıxış əldə etməsidir. E.Əmrullayev inandığını bildirib ki, bu, alimlərimizi  sevindirməklə yanaşı, praktik olaraq daha yaxşı fəaliyyət göstərmələrinə kömək edir. Nazir əlavə edib ki, ETN nəzdində olan ali təhsil müəssisələrində 2024-cü ildən həm elmi-tədqiqatların, həm də elmin yaxşılaşması üçün 8 milyon manat ayrılması  məsələsi artıq həll olunub. “Bu vəsaitin müqabilində hər hansı nəticə görürüksə, bu vəsaiti gələcəkdə artırmaq üçün bir zəmin yaratmış oluruq”.
 
Nazir qeyd edib ki,  “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda ali təhsil müəssisələrinin rəqabət qabiliyyətliliyinin artırılması üzrə konkret vəzifələr müəyyən edilib. 2026-cı il reytinqlərində  ölkəmizin 3 ali məktəbinin dünyanın 800 ən yaxşı universiteti arasına düşməsi nəzərdə tutulub. Hazırda ölkəmizin iki  universiteti ötən il təxminən 1100-1200, bir universiteti isə 1200-1400 arasında reytinqə düşüb.
 
E.Əmrullayev əlavə edib ki, ayrılan vəsaitlərin alimlərin əməyinin qiymətləndirilməsinə xərclənməsinin, onların ali təhsil müəssisələrində çalışmasının  tərəfdarıyıq. Həmin alimlərin ali təhsil müəssisələrində işləməsi mütləq deyil.  Elm və təhsil müəssisələri arasında bağlanmış müqavilələr imkan verir ki,  həmin müəssisə alimin əməkhaqqısını maliyyələşdirə bilsin.
 
Nazir əlavə edib ki, biz “Məqalə yazsanız sizə mükafat verəcəyik”  modelindən “Maliyyə ayıraq ki, siz məqalə yazasınız” modelinə keçmək istəyirik. “Düşünürəm ki, bu, olduqca vacib dəyişiklikdir və bizim builki dəyişiklik etmək istədiyimiz istiqamətlərdən biridir”.
 
Nəşrlərlə bağlı  da fikirlərini bölüşən nazir qeyd edib ki, maliyyə çərçivəsində ayrı-ayrı  jurnalların, məqalələrin maliyyələşdirilməsini planlaşdırırıq. “Burada iki yanaşma var. Biz bir tərəfdən, ali məktəbin muxtariyyətini tanıyırıq, qərarlarına hörmətlə yanaşırıq.  Ali məktəbin qərarvermə səlahiyyətini tanıyırıq. Digər tərəfdən, ali məktəbin Elmi Şurası müəyyən etməlidir ki, əlində olan vəsaiti tədqiqata, yoxsa ikili diploma xərcləmək istəyir. Tədqiqata xərcləmək isəyirsə, bizim müəyyən etdiyimiz çərçivə və qaydalarda xərclənməsinə nəzarət edəcəyik”.
 
Elmdə Türkiyə yolu
 
Emin Əmrullayev  Azərbaycan elminin inkişafından danışarkən qeyd edib ki, Türkiyənin ali təhsil müəssisələrində  bir çox azərbaycanlı alimlər fəaliyyət göstərir. “Həmin alimlər vaxtilə məhz Azərbaycandan gedən insanlardır. Həm Türkiyədə, həm də digər ölkələrdə yaşayan alimlərimiz qayıdıb və ya qayıtmadan universitetlərimizə töhfə vermək istəklərini  bildirirlər. Bir çoxları  Azərbaycana gəlirlər. Azərbaycan elminin inkişafının ən qısa yollarından biri də həm məsafə, həm dil,  həm də orada azərbaycanlıların yaşaması, infrastruktur baxımından Türkiyə ali təhsil müəssisələri ilə əməkdaşlıqdır. Qəbul etməliyik ki, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurasının  (TÜBİTAK) elmi layihələrin maliyyələşdirilməsi mexanizmləri bizdə olan sistemlərdən bir neçə il irəlidədir. Hansısa nəticələr əldə etmək istəyiriksə, bir sistemə inteqrasiya olunmaq inkişaf üçün qısa yollardan biridir. TÜBİTAK-la bir yerdə ən qısa zamanda Azərbaycan ali təhsil,  elmi tədqiqat müəssisələrinin Türkiyədən  olan tədqiqat platformalarına inteqrasiyanı təmin edə bilərik.  Yəni qarşılıqlı əsasda maliyyələşmə olarsa, azərbaycanlı alim öz töhfəsini  verə bilsin.  Bu, əlavə maliyyə deməkdir. Elm və Təhsil Nazirliyi olaraq biz TÜBİTAK-la elmi layihələrin maliyyələşdirilməsini təmin etməyə hazırıq”.
 
Elmdə gəncləşmə
 
Emin Əmrullayevin çıxışında mühüm məqamlardan biri gənclərin elmə cəlb olunması ilə bağlı olub. Nazir qeyd edib ki, onlara vəd verməkdənsə, səlahiyyət və kifayət qədər maliyyə verməliyik ki, onlar nələrsə edə bilsinlər. Nazir bu nöqteyi-nəzərdən ölkə başçısının müvafiq sərəncamları ilə icra olunan xaricdə təhsil üzrə dövlət proqramlarını diqqətə çatdırıb. Qeyd edib ki, artıq bizim Proqram məzunlarımız, PhD məzunlarımız geriyə qayıtmağa başlayıb. “Əsas məsələ odur ki, qayıdanlar nə edir? Bu sualı özümüzə verməliyik və bu sualın praktiki əhəmiyyəti olmalıdır. Onların təhsilinə Dövlət Neft Fondundan müvafiq həcmdə investisiya qoyulub. Əgər tələbəni xaricə təhsil almağa göndərmişiksə, qayıdıb gələnlərə müvafiq işləri, vəzifələri verməliyik. Bu, artıq öz nəticələrini verməlidir”.
 
...sözdən əmələ
 
Çıxışının sonunda nazir bildirib ki, vacib məsələ sözdən əmələ keçməkdir. “İnanıram ki, bizim elmimiz məhz bu dövrdə  Azərbaycan tarixinin zəfər səhifəsində irəliyə doğru gedəcək. Və gənc  və ya yaşlı nəsil, fərqi yoxdur, Azərbaycanın qarşısında olan bütün qələbələri məhz insanların yaşından, mənsubiyyətindən asılı olmayaraq birlikdə və həmrəyliklə qazanıb. Elmimizdə də düşünürəm ki,  qazanacağımız zəfər məhz həmrəyliyin, birliyin, qarşlıqlı dialoq və anlaşmanın nəticəsi olacaq”.
***
AMEA-nın Ümumi iclasıında səslənən fikirlərlə bağlı gənc alimlərimizin münasibətini öyrəndik.
 
“Güclü tədqiqat qrupları yaratmalı, xaricdə təhsil almış gəncləri bu prosesə cəlb etməliyik”
 

Aygün Azadova, Böyük Britaniyanın Essex Universitetinin doktorantı
 
- AMEA-nın Ümumi yığıncağında müzakirə edilən məsələlərlə tanışam. Düşünürəm ki, orada yüksək keyfiyyətli tədqiqat işlərinin aparılması, gənc alimlərin stimullaşdırılması və bu prosesə cəlb edilməsi məsələlərinin xüsusilə vurğulanması çox vacibdir. Çünki bunlar elmin inkişafına təkan verən mühüm məqamlardandır. Düşünürəm ki, universitetlərimizin tədqiqat yönümlü universitetə çevrilməsi prosesinə başlanılması, yeni yaradılacaq universitetlərin tədqiqat yönümlü olması vacib amillərdən biridir. Dünya praktikasında ali təhsil müəssisələrinə baxsaq bunları açıq görə bilərik.
 
Birincisi, ali təhsil müəssisələri sərbəst fəaliyyət göstərməli, orada azad tədqiqat aparmaq mühiti və şəraiti yaradılmalıdır. İkincisi, maliyyə məsələsidir. Maliyyə olmazsa, universitetlər çətinliklə üzləşəcək və bu da birbaşa təhsilə və aparılan tədqiqatlara təsir göstərəcək.
 
Burada maliyyə məsələsində bir məqamı qeyd etmək istərdim. Universitetlərə maliyyə ayrılmaqla yanaşı, universitetlər də maliyyə axtarmaq imkanı və bacarığına malik olmalıdır. Biz universitetlərimizdə belə imkan və bacarığı yaratmaq üçün düşünürəm ki, güclü tədqiqat qrupları yaratmalı, xaricdə təhsil almış gəncləri bu prosesə cəlb etməliyik. Məsələn, Essex Universitetinin tərkibində ayrıca tədqiqatlar aparan Sosial və İqtisadi Tədqiqat İnstitutu fəaliyyət göstərir, eyni zamanda hər departamentdə professor-müəllim heyəti öz tədqiqat layihələri üçün qrant layihələrinə müraciət etmək imkanına malikdir. Yəni, universitetlərin belə bacarığa malik olmasına da önəm verilməlidir.
 
“Elmlə təhsilin tam vəhdətinin yaradılmasına böyük ehtiyac yaranıb”
 

Könül Qəhrəmanova,  Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun doktorantı
 
- Son illər ölkəmizdə elm və təhsil sferasında dünya elminə inteqrasiya prosesinin sürətləndirilməsinə, elmlə təhsilin tam vəhdətinin yaradılmasına böyük ehtiyac və tələbat yaranıb və bu istiqamətdə müəyyən işlər görülməkdədir. Artıq bir çox elmi müəssisələrin, tədqiqat universitetlərinin, həm də alimlərin qlobal elmi bazalara, dünya elektron elmi kitabxanalarına çıxış imkanı təmin edilib.
 
Elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı elmdə olan gənclərə hərtərəfli dəstək göstərilməli olduğunu vurğulayıb, xaricdə təhsil alaraq qayıdan məzunlara müvafiq səlahiyyətlərin, işlərin verilməsinin daha önəmli olduğunu qeyd edib. Elm-təhsil müəssisələrində tədqiqatların keyfiyyət və kəmiyyətinin artırılması məqsədilə yeni maliyyə sisteminin tətbiqi və elmdə fəaliyyəti ilə fərqlənən elm adamlarının daha yüksək əməkhaqqı almaları da bir növ elmə marağı artıran amillərdəndir.
 
Hesab edirəm ki, Azərbaycan elminin dünya elminə inteqrasiyasını təmin etmək üçün tədqiqat institutlarında prioritet sahələr üzrə beynəlxalq laboratoriyaların yaradılması, gənc alimlərin müştərək beynəlxalq tədqiqat qruplarına cəlb olunmaları, xarici ölkələrdə olan tanınmış alimlərimizin yanına qısa və ortamüddətli təcrübə keçməyə göndərilməsi önəmlidir. Eyni zamanda, tədqiqat institutlarında mövcud laboratoriyalarda müasir cihaz və avadanlıqlarla yanaşı, o cihazları mükəmməl bilən mütəxəssis çatışmazlığı mövcuddur. Sözsüz ki, bütün bu çatışmazlıqların həlli üçün zaman və maddi dəstəyə ehtiyac vardır.
 
Ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində işğaldan azad edilmiş torpaqlarda yeni məktəblərin tikilməsi, Xankəndidə Qarabağ Universitetinin yaradılması, elm və təhsilin inkişafına yönələn digər addımlar elmimizin xəyallarımızın önündə gedə bilməsi üçün əsaslı zəmin, böyük ümid yaradıb.
 
“Elmin inkişafı üçün beynəlxalq əməkdaşlıq çox önəmlidir”


Orxan Kərimzadə, ADA Universitetinin dosenti,  Dövlət Proqramı məzunu
 
- Dövlət Proqramı  sayəsində Azərbaycanın təhsil sistemi və elmi araşdırmaların səviyyəsi xarici təcrübələrlə zənginləşir, beynəlxalq standartlara uyğunlaşır. Proqramın məzunları ölkəyə qayıtdıqda müxtəlif sahələrdə yenilikləri tətbiq etməklə, Azərbaycanın sosial və iqtisadi inkişafına önəmli dərəcədə töhfə verirlər. Bu, həmçinin Azərbaycanın beynəlxalq arenada rəqabətqabiliyyətinin artmasına və elmi-texniki potensialının güclənməsinə yol açır.
 
Elmi-tədqiqatlara qrantların verilməsi, bilik və yenilikçiliyin təşviqi, elmi araşdırmaların stimullaşdırılması və ölkənin iqtisadi və sosial inkişafına töhfə verən innovasiyaların inkişafı ölkə üçün həyati əhəmiyyətə malikdir. Qrantlar alimlərə və tədqiqatçılara maliyyə dəstəyi təmin edərək, onların yeni fikirlərini, layihələrini həyata keçirmələrinə və elmi kəşflər etmələrinə imkan verəcək. Bu, ölkənin elmi potensialının artmasına, yenilikçi texnologiyaların və metodologiyaların tətbiq edilməsinə və nəticədə, beynəlxalq elmi icmalarda ölkənin nüfuzunun yüksəlməsinə gətirib çıxaracaq.
 
Elmin inkişafı üçün qrantlarla bərabər tədqiqatçıların inkişafina da önəm vermək lazımdır. Bunun üçün beynəlxalq əməkdaşlıq çox önəmlidir. Xaricdə yaşayan Azərbaycanlı alimlərin təşkilatlanması, elmi diasporanın gücünü və potensialını ölkənin inkişafına yönəltmək bu prosesdə mühüm bir addımdır. Fərqli ölkələrdəki azərbaycanlı mütəxəssislər bir araya gələrək, bilik və təcrübələrini paylaşmalı, elmi əməkdaşlıq layihələrini həyata keçirməlidirlər. Bununla da xaricdəki azərbaycanlı alimlər arasında şəbəkələşmə güclənəcək, onların Azərbaycanın tədqiqat institutları, universitetlər və elmi mərkəzlərlə əlaqələri asanlaşacaq. Bu əməkdaşlıq ölkədəki elmi tədqiqatlara yenilikçi yanaşmaların, xaricdə əldə edilmiş müasir metodologiyaların və texnologiyaların tətbiq edilməsinə yol açacaq. Nəticədə, Azərbaycanın elmi bazasının güclənməsi, elmi tədqiqatların beynəlxalq standartlara uyğunlaşması və ölkənin dünya elmi icması ilə inteqrasiyası sürətlənəcək. Bu təşkilatlanma, həmçinin ölkənin iqtisadi və sosial inkişafına töhfə verən elmi araşdırmaların stimullaşdırılmasında mühüm rol oynayacaq, innovasiya və texnoloji inkişafı qabaqcıl dünya təcrübəsi ilə zənginləşdirəcək.
 
Oruc MUSTAFAYEV
"Azərbaycan müəllimi"


Tarix: 8-03-2024, 19:44

Xəbəri paylaş