“Atam mənim xaricdə təhsil almağımı arzu edirdi”
Gülnarə Mirzəyeva, Milli Qəhrəman İlqar Mirzəyevin qızı: “Atam Vətən uğrunda canını qurban veribsə, mənim də borcum onu layiqincə təmsil etmək, arzusunu, etimadını doğrultmaqdır”
Ölkəmizdə gənclər üçün yaradılan imkanlardan biri olan Dövlət Proqramları vasitəsilə xaricdə təhsil alan və məzun olan gənclərimizin sıraları genişlənməkdədir. Onlardan biri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin qızı, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın “Warwick Business School” ali təhsil müəssisəsində “Biznes (əməliyyatların idarə edilməsi)” ixtisas istiqaməti üzrə magistratura səviyyəsində təhsilini başa vuran Gülnarə Mirzəyeva “Azərbaycan müəllimi” qəzetinə müsahibə verib. Gülnarə Mirzəyeva ilə söhbətimizə tanışlıqdan və orta məktəbdə təhsil illərindən başlayırıq.
- İlk növbədə, özümü tanıdım. Gülnarə Mirzəyeva, Milli Qəhrəman İlqar Mirzəyevin qızıyam. Hərbiçi ailəsi olduğumuz üçün biz bir neçə yerə köçmüşük, ona görə də istər- istəməz bizim məktəblərimiz də dəyişib. Üç fərqli məktəbdə təhsil almışam. Orta təhsilimə Naxçıvanda 705 nömrəli məktəbdə başlamışam, həmin dövrdə atam orada xidmət edirdi. Daha sonra biz Beyləqan rayonuna köçdük və mən 1 nömrəli tam orta məktəbdə təhsilimi davam etdirdim. Beyləqanda 4 ay yaşadıqdan sonra Bakıya qayıtdıq və mən təhsilimi Bakıda 64 nömrəli tam orta məktəbdə tamamladım. Atam isə Beyləqanda xidmətini davam etdirirdi. Qardaşım və mən onda ali məktəbə qəbul olmuşduq. Biz artıq rayonda, atamın yanında qala bilmədik. Çünki Bakıda ali təhsil alırdıq.
Mən 2018-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 500 bal toplayaraq Azərbaycan Memarlıq və İnşaat Universitetinin tikinti fakültəsinin “Sənayenin təşkili və idarə olunması” ixtisasında (ingilis sektoru) təhsil aldım. Universiteti fərqlənmə ilə bitirdim. Bu dövrdə artıq xaricdə təhsil almaq fikrim var idi. Mən əslində bakalavr təhsilimi də xaricdə almaq istəyirdim. Ancaq müəyyən səbəblərdən bu alınmadı. Ona görə də mən magistraturanı xaricdə oxumağı qərara aldım və nə xoş mənə ki, artıq “2022-2026-cı illər üçün Dövlət Proqramı” fəaliyyət göstərirdi. Həmin zamanda universitetləri araşdırmağa başladım və İngiltərəni seçdim. Nəticə olaraq İngiltərənin bir neçə universitetinə sənəd göndərdim və qəbul razılığı alandan sonra artıq Dövlət Proqramına müraciət elədim.
“Atamla hər zaman bu məsələni müzakirə edirdik”
- Seçiminizdə kimlər sizə dəstək verdi?
- Dediyim kimi, xaricdə təhsil almaq əslində çoxdankı arzum idi, sadəcə, maliyyə məsələlərinə görə o vaxt bunu reallaşdıra bilməmişdim. Atamla hər zaman bu məsələni müzakirə edirdik. Atam deyirdi ki, “narahat olma, bakalavr təhsilini Azərbaycanda bitir. Səni mütləq xaricə magistr təhsili almağa göndərəcəyəm”. Atamla harada oxuya bilərəm, hansı ölkəni seçə bilərəm - bu mövzularda həmişə söhbətlər aparırdıq. Nəhayət, xaricdə təhsil üçün İngiltərəni və bu ölkənin nüfuzlu universitetlərindən olan Vorvik Universitetini seçdim. Bu ali məktəbi “Biznes üzrə əməliyyatların idarə olunması” ixtisası üzrə magistr pilləsini bitirdim.
“Qəbul xəbərini eşidəndə dərhal, təbii ki, anama yazmışdım”
- Xaricdə təhsil proqramına qəbul olunmağınız xəbərini necə qarşıladınız? İlk uğurunuzu kimlərlə bölüşdünüz?
- Proqrama qəbul olmaq mənim üçün çox stressli bir vaxtı idi. Çünki həm xarici universitetlərə sənədlər göndərirdim, həm də oradakı universitetlərdən qəbul gözləyirdim. Eyni zamanda da artıq Dövlət Proqramına müraciət etmək lazım idi və bu iki işi idarə etmək mənim üçün çox stressli idi. Amma nəticə olaraq çəkdiyim əziyyətlərin bəhrəsini görəndə mən çox sevinmişdim. Qəbul xəbərini eşidəndə dərhal, təbii ki, anama yazmışdım. Xəbəri, ilk növbədə, ailəmlə paylaşmışdım.
Gənclər üçün qaçılmaz fürsət
- Xaricdə təhsil üzrə Dövlət Proqramının gənclər üçün əhəmiyyəti, həyatınızda rolu barədə nə deyə bilərdiniz?
- Qeyd etmək istərdim ki, Dövlət Proqramının gənclərimizin gələcək karyerasında həqiqətən çox böyük əhəmiyyəti var. Məncə, Azərbaycan gəncləri üçün, bu qaçılmaz bir fürsətdir. Proqram çərçivəsində hər il 400 nəfərə yaxın tələbə dünyanın ən nüfuzlu universitetlərinə göndərilir. Bunu Dövlət Proqramı İdarəetmə Qrupunun paylaşdığı siyahılardan da görmək olar. Tələbələrə də tövsiyə edərdim ki, bu siyahılara hansı ixtisaslar, hansı universitetlər üzrə müraciət edə biləcəklərinə mütləq baxsınlar. Dediyim kimi, yəni bu fürsəti mütləq dəyərləndirmək lazımdır. Çünki xaricdə təhsil almağın, bu təcrübəni yaşamağın onların sözsüz ki, gələcək karyeralarında çox mühüm rolu olacaq.
“İlk dəfə idi ki, belə uzun müddətdə ailəmdən uzaq qalırdım”
- Vətəndən uzaqda xarici mühitdə yaşamaq sizə çətin gəlmədi ki?
- Xaricdə təhsil mənim üçün əvəzolunmaz bir təcrübə idi. Təbii ki, öz çətinlikləri də var idi. Çünki mən ilk dəfə idi ki, belə uzun müddətdə ailəmdən uzaq qalırdım. Bunun özünün bir çox çətinlikləri oldu. Yeni bir ölkə, yeni mühit, yeni insanları tanımaq. Bütün bunların, təbii ki, insan psixologiyasında müəyyən təsirləri olur. Amma nəticə olaraq deyim kimi, bunlar öhdəsindən gəlinməyəcək çətinliklər deyil. Xarici ölkələrə mənim kimi yüzlərlə gənc gedib. Yəni mən də daxil olmaqla heç birimiz necə deyərlər, qeyri-adi problemlər yaşamamışıq. Ona görə elə gənclərimizə də tövsiyə edərdim ki, bu qaçılmaz fürsəti vaxt ikən mütləq dəyərləndirsinlər.
“Britaniyada təhsil mənə çox təcrübələr qazandırdı”
- Britaniyada təhsil həyatınız barədə nə deyə bilərsiniz? Xaricdə təhsil sizə nə verdi?
- Böyük Britaniyada təhsil mənə çox təcrübələr qazandırdı. Çünki necə deyim, orada təhsil sistemi də tamamən fərqli idi. Bizim çoxlu qrup işlərimiz olurdu. Bu da təbii ki, onu həmişə qeyd edirəm, məncə bizim universitetlərdə də bir çox tətbiq etməli olduğumuz bir şeydir. Çünki biz, yəni məzun olduqda, karyeramızda, işlədiyimiz yerdə hər hansısa bir komandanın parçası olacağıq. Ona görə də insanlarla birgə işləmək, necə professional kommunikasiyanı qurmaq, öyrəndiklərimizi komandamızın mənafeyi naminə necə tətbiq etmək bacarıqlarını universitet təhsili dövründən öyrənmək insanın gələcək karyerasında çox vacib rol oynayır.
“Azərbaycanımız naminə məqsədyönlü şəkildə çalışmaq əsas vəzifəmizdir”
- Bugünkü Azərbaycan gəncliyini təmsil edirsiniz. Necə görürsünüz müasir Azərbaycan gəncini- vətənpərvər, təhsilli, elmə, karyeraya can atan bir nəsil kimi?
- Azərbaycan gəncliyi haqqında onu deyə bilərəm ki, harada olmalarından asılı olmayaraq ölkəmizi layiqincə təmsil etmək və Azərbaycanımız naminə məqsədyönlü şəkildə çalışmaq əsas vəzifəmizdir. Çünki hər bir insan öz qarşısına müəyyən məqsədlər, nələrəsə nail olmaq kimi arzular qoya bilər. Nəyəsə nail olmaq fərd olaraq hər birimizin təbiətində var, amma istəmək yetərli deyil. Təbii ki, nəsə etmək lazımdır. Bunun üçün çalışmaq lazımdır. Ona görə, gənclərimizə də öz üzərlərində ciddi çalışmağı, həyatlarında dəyişiklik edə biləcək hədəflər qoymağı tövsiyə edərdim. Hazırda fürsətlərimiz də var. Ölkəmizdə uğurla həyata keçirilən təhsil sahəsində Dövlət proqramları da onlardan biridir. Yəni əsas odur ki, qarşılarına çıxan hər bir kiçik fürsətləri görsünlər və dəyərləndirməyi bacarsınlar. Bunlar həyatda uğurlu olmaq üçün kifayət edəcəkdir.
- Gələcək planlarınız barədə nə deyə bilərsiniz?
- Gələcək planlarıma gəlincə, onu deyə bilərəm ki, əvvəlki kimi çalışmaqda davam edəcəyəm. Onu da qeyd edim ki, mənim atam bu Vətən uğrunda canını qurban veribsə, mənim də onun qarşısında olan borcum onu layiqincə təmsil etmək, arzusunu, etimadını doğrultmaqdır.
Oruc MUSTAFAYEV
“Azərbaycan müəllimi” qəzeti
Tarix: 11-02-2024, 19:23