Saytda axtar
Bazar günü  
 12 fevral 2017   23:10:34  

Elm və təhsil naziri üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb


Elm və təhsil naziri Emin Əmrullayev üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri İlahə Baxışova Tahirli və Rəsul Həşimovla görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, mentorluq proqramı çərçivəsində keçirilən görüş zamanı nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmağa dəstək olacağını bildirib.
Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyəti, gələcək inkişaf hədəfləri barədə məlumatlandırıb. Nazir son illərdə aparılan təhsil islahatları və bu sahədə inkişafa dəstək olacaq işlər barədə qaliblərin fikirlərini dinləyib.
Üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində Emin Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluqlarını bildiriblər.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Prezidentinin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi 21-51 yaş aralığında intellektual səviyyəsi və ikiillik idarəçilik təcrübəsi olan perspektivli rəhbər şəxslərin müəyyənləşdirilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı və 20 min manat dəyərində pul mükafatı gözləyir.
Növbəti - dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 2023-cü il dekabrın 25-də Sərəncam imzalanıb.


Tarix: 8-02-2024, 17:03

Xəbəri paylaş