Müasir Azərbaycanın ən qürurverici seçkisi
2023-cü il Azərbaycan xalqının və dövlətinin tarixinə çox əlamətdar il kimi düşüb. Dövlət başçısı İlham Əliyevin Sərəncamına əsasən 2024-cü il fevralın 7-nə növbədənkənar Prezidenti seçkiləri təyin olunmuşdur.
Növbədənkənar seçkilərin önəminə diqqət yetirdikdə aydın olur ki, Azərbaycanın müdrik dövlət başçısı İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında işğal və təcavüzə, separatizmə son qoyması ilə nəinki Azərbaycanda, bütövlükdə regionda yeni reallıq yaranıb. Növbədənkənar Prezident seçkilərinin keçirilməsi Azərbaycan Respublikasının Ali Qanunu olan Konstitusiyada hüquqi əsası mübahisə doğurmayan prosedurdur.
Azərbaycanda keçiriləcək Prezident seçkiləri Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam təmin edildikdən sonra ilk dəfədir ki, keçiriləcəkdir. Fevral ayının 7-də baş tutacaq seçkiyə gedən yolu Azərbaycan xalqı 30 ilə qət etdi. Bu, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə başladığı uğurlu siyasətin nəticəsidir. Ümummilli Liderin siyasəti Azərbaycan xalqının xoşbəxt, firavan və təhlükəsiz həyatının təmin edilməsinə yönəlmiş uzaqgörən siyasət idi.
2003-cü ildə - tarixin həlledici məqamında Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyevin xalqımızın xoşbəxt gələcəyinə yönəlmiş siyasətini uğurla inkişaf etdirən görkəmli dövlət xadimi cənab İlham Əliyevə sonsuz inamını və etimadını ifadə edərək onu ölkənin Prezidenti seçdi. Bu, xalqın Ulu Öndərin siyasətinə sədaqətinin və iradəsinin təntənəsi oldu.
İlham Əliyev Prezident seçildikdən sonra 2004-cü ildə demişdi: “Heydər Əliyevin ideyaları yaşayır. Heydər Əliyevin fəlsəfəsi, siyasəti yaşayır. Biz hamımız bu siyasətə sadiqik. Biz hamımız bu siyasəti davam etdirməliyik. Azərbaycanı gücləndirməliyik, Heydər Əliyevin yolu ilə irəliyə aparmalıyıq. Mən əminəm ki, biz buna nail olacağıq”.
20 illik Prezidentliyi dövründə İlham Əliyev Azərbaycan siyasi sisteminə rasional davranış modeli, məntiqi mühakimələrə və analitik təhlilə əsaslanan, mütərəqqi, pozitiv, milli məqsədlərə xidmət edən, eyni zamanda realizmə söykənən siyasi fəaliyyət nümunəsi gətirdi. Öz fəaliyyəti və davranışı ilə sistemə siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun əxlaq standartı, milli siyasi etika nümunəsi təqdim etmişdir.
Azərbaycan Respublikasının Prezidenti kimi 20 illik fəaliyyəti dövründə cənab İlham Əliyevin milli maraqlarımıza xidmət edən xarici və daxili siyasəti, siyasi-iqtisadi islahatları nəticəsində əldə edilən tarixi nailiyyətlər milli dövlətçiliyi möhkəmləndirdi, dövlətimizin siyasi-iqtisadi qüdrətini artırdı və güclü Milli Ordu quruculuğunun uğurla başa çatdırılmasını təmin etdi.
44 günlük haqq savaşımızda bizə qalibiyyəti yaşatmaqla Ali Baş Komandan İlham Əliyev Qafqaz kimi mürəkkəb regionda sülhü bərqərar etməsi nə qədər gözlənilməz olsa da, bir çox Avropa dövlətlərində rezonans doğuraraq, Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirmişdir.
Hələ 2008-ci ilin 9-11 noyabr tarixində 43 ildən sonra Azərbaycana, öz vətənini ziyarətə gələn dünya şöhrətli azərbaycanlı alim, ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetinin professoru Lütfi Zadə Amerikaya qayıtdıqdan sonra dövlətimizin başçısı cənab İlham Əliyev ilə görüşdən sonrakı təəssüratlarını belə ifadə edirdi:
“Hörmətli Prezident İlham Əliyev! Mən Azərbaycanda olan sosial-iqtisadi inkişafdan dərindən məmnunam. Sizin apardıgınız “qara qızıl”ın insan kapitalına çevrilməsi doktrinası Sizin rəhbərliyinizin ilkin vaxtlarından çox dəyərlidir və minlərlə vətəndaşa və Azərbaycandan kənarda yaşayan dostlara da yaxşı mənada təsir edir və Sizin Azərbaycanın gələcəyi ilə uzaqgörən planlarınız məni xoşbəxt və əmin edir ki, gənc və müstəqil Azərbaycan cavan və məşhur siyasi lider tərəfindən güclü əllərdədir. Azərbaycanın dostları bu faktı da bilirlər ki, Azərbaycanın görkəmli, üzaqgörən və güclü prezidenti var və bu ölkədə yaşamaq üçün sülh şəraitini yaradır. Son bir neçə il ərzində Sizin əldə etdiyiniz sosial sabitlik və iqtisadi inkişaf Azərbaycanda yaşamaq, oxumaq və işləmək üçün ən gözəl yer olması baxımından güclü platforma yaradıb. Azərbaycanın bəxti onda gətirib ki, onun Sizin kimi uzaqqörən Lideri var”.
İndi Azərbaycanın gündəliyi münaqişə və müharibə ilə deyil, sülh və əməkdaşlıq məsələləri ilə təyin olunur. Sülh və əməkdaşlıq məsələlərinin həll olunması, o cümlədən işğaldan azad olunmuş Azərbaycan torpaqlarının bərpa edilməsi və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasının təmin edilməsi vəzifələri müəyyənləşdirilib. Beləliklə, Azərbaycanda yeni reallıq meydana gəlib və bu, ölkəmizdə növbədənkənar prezident seçkilərinin keçirilməsinin əsaslarını müəyyən edib. Beləliklə, hər bir Azərbaycan vətəndaşı, bütövlükdə Azərbaycan xalqı, o cümlədən dünya ictimaiyyəti ölkəmizdə növbədənkənar prezident seçkilərinin təyin olunması ilə əlaqədar qərarın yeni reallıqlardan irəli gələn qaçılmaz zərurət olduğunu aydın şəkildə dərk edir və qiymətləndirir.
Bu gün İlham Əliyev siyasi kursu regionda yeni bir dövrün başlanğıcına imza atmışdır. Necə ki, Ulu Öndər Heydər Əliyev yalnız xalqa etimad edərək müasir Azərbaycan dövlətini qurdu, Ali Baş Komandan İlham Əliyev də məhz xalqa güvənərək növbədənkənar seçkilərə gedir. Bu, Müzəffər Liderin öz xalqına inamı, Qalib xalqın isə Prezidentinə olan etimadının göstəricisidir.
Zəfərdən doğan reallığın tələbləri ilə yaxın keçmişdəki tələblər heç də üst-üstə düşmür, hədəflərimiz də 3 il əvvəlkindən fərqlənir.
Prezident İlham Əliyev fəaliyyəti dövründə qarşıya qoyulmuş bütün vəzifələri şərəflə yerinə yetirmiş, Azərbaycan dövlətinin ən yeni tarixinin Şərəf və Zəfər səhifələrinə öz imzasını atmışdır! Hər bir azərbaycanlı öz Prezidenti ilə qürur duyur!
Əminəm ki, 2024-cü il fevralın 7-də keçiriləcək, müasir tariximizin ən qürurverici Prezident seçkisində hər bir azərbaycanlı müasir qüdrətli Azərbaycanın qurucusu görkəmli dövlət xadimi cənab İlham Əliyevə səs verəcək və dövlətimiz onun rəhbərliyi ilə yeni möhtəşəm uğurlara imza atacaqdır!
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC)
Rəqəmsal texnologiyalar və tətbiqi informatika kafedrasının professoru
3 fevral 2024-cü il
Tarix: 3-02-2024, 11:34