Azərbaycan Texnologiya Universiteti Naftalan otelləri ilə əməkdaşlığa başladı
Azərbaycan Texnologiya Universiteti beşulduzlu Naftalan otelləri ilə əməkdaşlığa başladı
Naftalanda Azərbaycan Texnologiya Universiteti rəhbərliyi (ATU) ilə Qarabağ, Çinar və Qaşaltı otellərinin rəhbərləri arasında görüş keçirilib.
Görüşdə ATU-nun rektoru vəzifəsini müvəqqəti icra edən dosent Yaşar Ömərov, tədris işləri üzrə prorektoru Raqif Hüseynov, Turizm sənayesinin təşkili kafedrasının müdiri Yusif Hümbətov, “Garabagh Resort &Spa Naftalan Hotel”in direktoru Safi Orhan Kutluay, “Chinar Hotel&Spa Naftalan”ın direktoru Murat Gözütok, “Gashalti Health Hotel Naftalan”ın direktoru Rəşad Veyisov iştirak edib.
Baş tutan görüşdə sözügedən otellərlə universitet arasında əməkdaşlıq imkanları və perspektivləri, birgə kadr hazırlığı və birgə tədbirlərin (konfrans, seminar, forum, master klass və digərləri) keçirilməsi məsələləri müzakirə edilib. Görüşün yekununda ATU tələbələrinin sözügedən otellərdə təcrübə keçməsinə dair müqavilə imzalanıb.
Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində “Turizm işinin təşkili” və “Turizm bələdçiliyi” ixtisasları üzrə kadr hazırlığı həyata keçirilir. ATU tələbələrinin müalicəvi nefti ilə turistlərin xüsusi diqqətində olan kurort şəhərində, dünyanın 65-ə yaxın ölkəsindən qonaqlar qəbul edən və ən müasir standartlara cavab verən Qarabağ, Çinar və Qaşaltı otellərində təcrübə keçməsi kadr hazırlığının daha yüksək səviyyədə aparılmasına imkan verəcəkdir.
Tarix: 22-01-2024, 15:30